Sularda insanların istirahətinin daha səmərəli təşkili məqsədi ilə bu il aprel ayından etibarən matros-xilasedici vəzifələrinə müsabiqə elan edilib.
Bunu "Report"a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili deyib.
O qeyd edib ki, Azərbaycan dilini səlis bilən, 18-40 yaş aralığında həqiqi hərbi xidmət keçmiş, müəyyən qədər bu peşəyə aid bacarıqları olan şəxslər müraciət edirlər.
FHN rəsmisinin sözlərinə görə, onlar ilə müqavilə bağlayıb xidmətdə xilasedici kimi mövsümü işə götürə bilərlər:
“Amma müraciət edənlərin çoxu bu tələbə cavab vermir. Hətta inanırsınız ki, üzməyi bilməyən şəxslər xilasedici olmaq istəyir. Düzdür, biz seçdiyimiz şəxslərə mütləq təlimlər keçəcəyik, bütün bacarıqların formalaşdırılmasına çalışacağıq, amma heç bir məlumatı olmayan şəxsi də təlimə ümid olub, işə götürə bilmərik. Bunu onlara da izah edirik. Bəzən yaşı 40-dan çox olan şəxslər gəlirlər ki, xilasedici olmaq istəyirəm. Bu bir məktəb deyil, biz onları işə götürürük. Müəyyən bilik və bacarıqları, sağlamlığı imkan verməyən şəxsləri qətiyyən bu işə cəlb edə bilmərik”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Aysel Aslan, Sevil Seymur