FHN-də şöbə rəisi: Bəzən valideynlər sahildə oynayan uşaqlarının dənizdə boğulduğunu düşünüb axtarmağımızı istəyirlər

FHN-də şöbə rəisi: Bəzən valideynlər sahildə oynayan uşaqlarının dənizdə boğulduğunu düşünüb axtarmağımızı istəyirlər Azərbaycanda iyunun 15-dən çimərlik mövsümü rəsmi olaraq başlayır. Artıq çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib. Həmçinin, ölkə ərazisindəki çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfi
Daxili siyasət
15 İyun , 2024 16:03
FHN-də şöbə rəisi: Bəzən valideynlər sahildə oynayan uşaqlarının dənizdə boğulduğunu düşünüb axtarmağımızı istəyirlər

Azərbaycanda iyunun 15-dən çimərlik mövsümü rəsmi olaraq başlayır. Artıq çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib. Həmçinin ölkə ərazisindəki çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər keçirilib. Çimərlik mövsümündə ən vacib və aktual məsələlərdən biri də təhlükəsizlik tədbirləridir.

"Report"a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bununla bağlı yaranan suallara cavab verib:

- Aqşin bəy, bu il çimərlik mövsümünün başlaması ilə bağlı öncədən hansı monitorinqlər aparılıb, nə kimi tədbirlər görülüb?

- Hər il olduğu kimi bu il də FHN tərəfindən təhlükəsizlik tədbirləri görülüb və bu iş davam etdirilir. Aprel ayından etibarən ölkə ərazisində sahilboyu monitorinqlər keçirilir. Məqsəd isə təhlükəli ərazilərin müəyyən edilməsidir.

Yoxlamalar təkcə nazirliyin nəzarətində olan yerlərdə deyil, həmçinin özəlləşdirilmiş çimərliklərdə də aparılır. Biz özəl çimərlik operatorlarına öz ərazisində görməli olduğu işlər barədə məlumat veririk.

Dalğıclar vasitəsilə sualtı müayinələr aparıb, yarğan, qəfləti dərinlik kimi təhlükələri vaxtında aşkar etməyə çalışırıq. Hansı hissədə belə təhlükələr varsa, sualtı nişanlar qoyulur.

Yoxlamalar zamanı növbəti addım üzmə sərhədlərini müəyyən edən nişanların qoyulmasıdır. Bu nişanlar 1,75 sm dərinlikdə olmaqla quraşdırılıb. Artıq ictimai çimərliklərin hamısında maarifləndirici lövhələr asılıb, xidmətin balansında olan xilasetmə texnika və vasitələri dalğıc əməliyyatları üçün nəzərdə tutulmuş avadanlıqlar saz vəziyyətə gətirilib.

Bu gündən etibarən FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti gücləndirilmiş iş rejimində çalışır.

- Təəssüf ki, çimərlikdə boğulma halları və ya bu kimi riskli hadisələrlə tez-tez qarşılaşırıq. Bir il ərzində təxminən nə qədər belə hadisə baş verir?

- Bununla bağlı dəqiq statistika vermək çətindir. Çünki nəzarətsiz su hövzələri, kanallar, çaylar, göllər də var və təəssüf ki, ən çox hadisələr də məhz o yerlərdə baş verir. Amma bizim nəzarət etdiyimiz ərazilərdə ötən il 210 insan boğulmadan xilas edilib. Bu günə qədər nəzarət etdiyimiz çimərliklərdə ölüm faktı aşkarlanmayıb.

- Bəs özəl çimərliklər? Bununla bağlı statistika aparılmır?

- Xeyr. Özəl çimərliklərdə boğulan vətəndaşların məsuliyyəti çimərlik operatorunun üzərindədir. Çünki ora girişə, üzməyə nəzarət olunur. Həm quru hissəsinə, həm dənizə özəlləşdirən sahibkar nəzarət etməlidir. Dediyim kimi, biz onlara bütün təlimləri keçirik, lazımi vasitələri nəzarətdən keçiririk, il ərzində də monitorinqlər aparılır.

- Boğulma hadisəsi ilə qarşılaşdıqda ilk yardım necə olmalıdır?

- Öncə soyuqqanlılığımızı qorumalı, vəziyyəti nəzarətdə saxlamağa çalışmalıyıq. Əgər boğulan şəxs yaxındadırsa ona uzun taxta parçası, budaq, kəmər və s. ilə kömək edə bilərik. Nisbətən uzaqdadırsa, ucuna suda batmayan əşya bağlanmış ip atılmalıdır. Bunların heç biri mümkün deyilsə, üzə biliriksə, boğulan şəxsə arxadan yaxınlaşıb, saçından, köynəyindən yaxud qoltuq altı hissəsindən yapışaraq, başını suyun üzərinə qaldırıb sahilə doğru üzməliyik.

Sahilə çıxandan sonra təcili yardıma zəng edilməlidir. Zərərçəkmişin həyat əlamətləri yoxdursa (ürək döyüntüsü, nəfəs alma) 30 dəqiqə dayanmadan ürək masajı edilməlidir. Əgər huşu, nəbzi yerindədirsə, onu dizimizin üzərinə aşırıb, kürəyindən başına doğru masaj hərəkətləri etməliyik. İki barmağımızla dil kökünə təmas edib, qusma refleksi yaratmalıyıq. Bu hərəkətlər nəticəsində zərərçəkmiş daxilə qəbul etdiyi suyu xaric edəcək. Daha sonra isti paltar, hətta isti içki təklif oluna bilər. Amma bütün hallarda boğulma hadisəsi yaşanıbsa, vətəndaş özünə gəlsə belə mütləq həkimə aparılmalıdır.

- Boğulma hadisələri ən çox hansı çimərliklərdə baş verir?

- Qeyd etdiyim kimi, ən çox hadisə nəzarətsiz ərazilərdə, xüsusilə bölgələrdə baş verir. Xəzər dənizi çimərliklərində isə Şüvəlan, Mərdəkan, Bilgəh, Pirşahı, Qızılqumda risklər yüksəkdir. Həmin ərazilərdə şimal küləkləri zamanı dalğalar böyük olur, suyun altındakı hissələrdə də risklər mövcuddur. Elə yerlər var ki, mövsümün başlanğıcında yoxlayırıq, hər şey qaydasındadır. Amma bir müddət sonra məlum olur ki, sualtı hissələrdə aşınma, dərinlik nisbətinin dəyişməsi və s. yaranıb. Ona görə, dəniz mövsümü ərzində gücləndirilmiş iş aparılır.

- Suda boğulma hadisələrinin bir çoxu təəssüf ki, azyaşlı uşaqların, yeniyetmə və gənclərin başına gəlir. Bu nədən qaynaqlanır?

- Azyaşlılar barədə məlumat daxil olarkən işimiz ikiqat çətinləşir. Çünki bəzən uşaqlar valideyndən uzaqlaşıb, aralıda oynamağa gedir. Valideyn nəzarət etmədiyi üçün uşağın boğulduğunu düşünüb, bizə müraciət edir. Xilasedicilər və digər əməkdaşlar isə bilmirlər ki, uşağı suda axtarsınlar, yoxsa quruda. Valideyndən soruşursan, uşaq harada itib, deyir yanımdaydı, birdən yoxa çıxdı. Qeyri-dəqiq məlumatla isə xilasetmə işi çətinləşir.

Elə günlər olur ki, çimərlikdə 10 min nəfərə kimi adam olur. Valideyn nəzarətsizliyinə görə suda boğulduğunu düşünüb, axtardığımız uşaq sahildə top oynayarkən tapılır. Düzdür, hər bir hadisəyə diqqətlə, məsuliyyətlə yanaşırıq, amma bu cür xırda məsələlər FHN əməkdaşlarının boşuna məşğul edilməsinə gətirib çıxarır.

Bölgələrdə isə çox zaman ölümlə nəticələnən boğulma halları yaşanır. Yenə də valideyn nəzarətsizliyini vurğulamalıyıq. Uşaq və yeniyetmələr suvarma kanalları, çaylar, göllər, su anbarları, inşası çimərlik üçün nəzərdə tutulmayan digər su hövzələrindən istifadə edirlər. Həmin ərazilərin mürəkkəb relyefə, sürətli axına, məhdud görüntüyə səbəb olması orada çimənlərin həyatına böyük təhlükədir.

Suvarma kanallarında beton təbəqəsinin su ilə təması nəticəsində yaranan mamır sürüşkənliyə səbəb olur və ora xilaedici belə tək düşəndə çıxmağa çətinlik çəkir. Lakin uşaqlar valideyn nəzarətindən yayınıb həmin yerlərdə çimməyə gedirlər. Bu çox təhlükəlidir.

- Bəs valideynləri, uşaqları maarifləndirmək üçün hansı tədbirlər görülür?

- Maarifləndirmə mütəmadi aparılır. Məktəblərdə, təhsil ocaqlarında fövqəladə hallar zamanı davranış mövzusunda silsilə tədbirlər keçirilir. Bura təkcə çimərliklər məsələsi deyil, sel, daşqın, yanğınla bağlı məlumatlar da aiddir. Yerli icra nümayəndələri, təhsil və səhiyyə işçiləri ilə birgə müşavirələr də keçirilir. İmkan daxilində mövzu ətrafında tədbirlər görsək də düşünürəm ki, bu işlərə ailədən başlanmalıdır. İctimai qınaq formalaşmalıdır. Hər bir valideyn evdə övladı ilə maarifləndirici söhbətlər aparmalıdır.

- Bəs xilasedicilərin sayını artırılıb? Ümumiyyətlə, onları necə seçirsiniz?

- Bu məsələ çox yerində və aktualdır. Çünki hazırda elə bununla bağlı iş aparırıq. Sularda insanların istirahətinin daha səmərəli təşkili məqsədi ilə bu il aprel ayından etibarən matros-xilasedici vəzifələrinə müsabiqə elan edilib. Azərbaycan dilini səlis bilən, 18-40 yaş aralığında həqiqi hərbi xidmət keçmiş, müəyyən qədər bu peşəyə aid bacarıqları olan şəxslər müraciət edirlər. Onlar ilə müqavilə bağlayıb öz xidmətimizdə xilasedici kimi mövsümü işə götürə bilirik.

Amma müraciət edənlərin çoxu bu tələbə cavab vermir. Hətta inanırsınız ki, üzməyi bilməyən şəxslər xilasedici olmaq istəyir. Düzdür, biz seçdiyimiz şəxslərə mütləq təlimlər keçəcəyik, bütün bacarıqların formalaşdırılmasına çalışacağıq, amma heç bir məlumatı olmayan şəxsi də təlimə ümid olub, işə götürə bilmərik. Bunu onlara da izah edirik. Bəzən yaşı 40-dan çox olan şəxslər gəlirlər ki, xilasedici olmaq istəyirəm. Bu bir məktəb deyil, biz onları işə götürürük. Müəyyən bilik və bacarıqları, sağlamlığı imkan verməyən şəxsləri qətiyyən bu işə cəlb edə bilmərik.

- Son olaraq, vətəndaşlara çağırış edək...

- Sakinlər hər şeydən öncə çimərlik seçimində diqqətli olsunlar. Əgər xilasedici yoxdursa, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini, bu ərazilərdən istifadənin təhlükəli olduğunu bildirir. Orada çimmək olmaz. Nəzarət olunan çimərliklərdə isə küləkli havada dənizə girmək, suda kobud hərəkətlər etmək, üzmə sərhədlərini keçmək və spirtli içki istifadəsi olduqca təhlükəlidir. Qeyd edək ki, 13 yaşa qədər uşaqlar yalnız böyüklərin nəzarəti ilə çimərliyə daxil olmalı, nəzarətsiz qoyulmamalıdırlar. Quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə və xilasedicilərin göstəricilərinə əməl olunmalıdır. Təhlükəsiz istirahət 09:00-20:00-dəkdir.

Aysel Aslan, Sevil Seymur

Fotolar: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi