Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi maye qazdoldurma məntəqəsində tutumun istismarını dayandırıb.
Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Ağstafa rayonunun Xətai kəndində fəaliyyət göstərən “Toğrul” kiçik müəssisəsinə məxsus maye yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrinin aparılmadığı, nəzarət-ölçü cihazlarının və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, tutumun istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.