Fərhad Abdullayev: “Vitse-prezidentliyin yaradılması Azərbaycanın dövlət idarəetməsində yeni və olduqca vacib hadisəddir”

Fərhad Abdullayev: “Vitse-prezidentliyin yaradılması Azərbaycanın dövlət idarəetməsində yeni və olduqca vacib hadisəddir” Konstitusiya Məhkəməsinin sədri: “Son referendumda əldə edilən nəticələr Azərbaycanda xalq–lider vəhdətinin daha bir bariz təzahürü oldu”
Daxili siyasət
11 Noyabr , 2016 16:14
Fərhad Abdullayev: “Vitse-prezidentliyin yaradılması Azərbaycanın dövlət idarəetməsində yeni və olduqca vacib hadisəddir”

Bakı. 11 noyabr. REPORT.AZ/ Konstitusiyaya dəyişikliklər müxtəlif sahələri əhatə etməklə ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin olunmasına, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib”.

"Report" xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə sentyabr ayının 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə konstitusiyanın mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilib: "Referendum xalq hakimiyyətinin və xalqın iradəsinin bilavasitə təzahürü olmaqla, dövlət və hər bir vətəndaş üçün ən vacib məsələlərin ümumxalq səsverməsi yolu ilə həlli forması kimi demokratiyanın mühüm institutudur. Son referendumda əldə edilən nəticələr Azərbaycanda xalq–lider vəhdətinin daha bir bariz təzahürü oldu, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin dayanıqlı inkişafına və sosial rifahın təmin olunmasına yönələn siyasətin Azərbaycan xalqı tərəfindən birmənalı dəstəkləndiyini nümayiş etdirdi".

F.Abdullayevin sözlərinə görə, konstitusiyaya dəyişikliklərin böyük bir qismi bilavasitə insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır: "Ölkə konstitusiyasının ən geniş üçüncü fəsli əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunub. Cəmiyyət inkişaf etdikcə vətəndaşların ölkəmizin siyasi, iqtisadi və sosial həyatında iştirakı genişlənir və yeni məzmun qazanır. Konstitusiyada təsbit edilmiş hüquqlar və azadlıqlar və onların təminat mexanizmlərinin də zamanın tələblərinə uyğun təkmilləşdirilməsi labüd olur. Bu mənada konstitusiyanın 24-cü maddəsinə insan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi prinsiplərinin əlavə edilməsi; 25-ci maddəsinə sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı müddəanın əlavə edilməsi; 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ, yəni fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması; 36-cı maddəsində əmək müqaviləsi əsasında işləyən şəxslərin hüquqlarının müdafiəsi məqsədilə lokautun qadağan edilməsi (qanunla müəyyən edilmiş hallar istisna olmaqla); 60-cı maddəsində hüquq və azadlıqların inzibati və məhkəmə təminatının gücləndirilməsi və digər mütərəqqi əlavə və dəyişikliklər xüsusilə qeyd olunmalıdır".

Konstitusiya Məhkəməsinin sədr deyib ki, dövlət orqanlarının vətəndaşlara, onların hüquqları və azadlıqlarının müdafiəsinə münasibətdə məsuliyyətinin artırılması, hüquq və azadlıqların məhdudlaşdırılmasının dövlət tərəfindən gözlənilən nəticəyə mütənasibliyi prinsipinin konstitusiya normaları qismində təsbit edilməsi ölkədə insan hüquqlarına və onların təmin olunmasına göstərilən yüksək diqqətin təzahürüdür: "Əminliklə deyə bilərik ki, konstitusiyanın mətninə edilmiş bütün dəyişikliklər və əlavələr Azərbaycanda demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insana, onun hüquq və azadlıqlarının təminatına göstərilən yüksək diqqətin daha bir təzahürüdür. Konstitusiya islahatları ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi, cəmiyyətdə bərqərar olan sabitliyin və təhlükəsizliyin, yüksək templə gedən inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir. İnsan hüquq və azadlıqları ilə bağlı Əsas Qanuna edilmiş dəyişikliklər ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, xüsusilə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarında, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda əksini tapan prinsiplərə tam uyğundur".

Onun fikrincə, konstitusiyaya edilən dəyişikliklərin bir qismi də dövlət idarəçiliyi sistemini daha da inkişaf etdirmək məqsədi daşıyır: "Bu dəyişikliklər ölkə konstitusiyasının preambulasında əksini tapan niyyətlərin və prinsiplərin həyata keçirilməsinə yönəlib. Xüsusilə də, vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir. Bu institut ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, ölkəmiz qarşısında duran vəzifələrin reallaşdırılması baxımından əhəmiyyətli olacaqdır.

Seçkili orqanlarda iştirakla bağlı yaş məhdudiyyətlərinin aradan qaldırılması bilik və təcrübəsi ilə cəmiyyətdə tanınan gənclərin potensialından istifadə imkanlarını genişləndirmək zərurətindən irəli gəlir. Bu gün Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti uğurla aparılır, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür. Gənclərin potensialından səmərəli istifadə olunması dövrün aktual tələblərindən biridir. Bununla yanaşı, xüsusi qeyd olunmalıdır ki, gənclər dövlət sistemində çalışan müdrik, yüksək peşəkar keyfiyyətlərə malik mütəxəssislərlə yanaşı çalışaraq və onların zəngin təcrübəsindən yararlanaraq, dövlətçiliyimizin qorunması və inkişafında öz səylərini əsirgəməməlidirlər.

Son xəbərlər

Orphus sistemi