Ümid edirəm ki, bu seçkilər Azərbaycanda yeniləşmə prosesinin və islahatların başlanğıcı olacaq. Kim xalqın səsi və iradəsi ilə qalib gəlsə, o da Azərbaycanın gələcəyi üçün faydalı işlər görməyə davam etməlidir.
"Report" xəbər verir ki, bu fikirləri növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edən Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu seçkilər Azərbaycanda yeniləşmə dövrünün başlanğıcı kimi xarakterizə olunur: "Ona görə də insanlar vətəndaşlıq borcunu yerinə yetirərək seçki məntəqəsinə gəlib səs verməlidirlər. Bütövlükdə, Azərbaycan cəmiyyətinin problemləri hələ bitməyib. Qələbə qazansaq da, hələ Azərbaycanın üzərində basqılar var, təhlükələr qalmaqdadır. Nəticədən asılı olmayaq, həmrəylik və birliyimizi qorumalıyıq. Azərbaycanın gələcəyi üçün hamı əl-ələ verib daha yaxşı və rifah içərisində yaşamağımızı təmin edən cəmiyyətə qovuşmağa dəstək olmalıyıq".
F.Mustafa vurğulayıb ki, seçki ilə bağlı yaradılan şərait normaldır: "Bəzi xırda texniki problemlər olsa da, ümumilikdə siyasi qüsurlar yoxdur. İnsanlar azad şəkildə səsvermə hüququndan istifadə edə bilir".