Yuxarı

Əli Kərimlinin sabiq müavini siyasi hərəkat yaratdığını elan edib

Yaradılan hərəkatın adı Yeni Demokratiyadır

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Razi Nurullayev siyasi hərəkat yaratdığını elan edib.

"Report"un xəbərinə görə, bu barədə R.Nurullayev məlumat yayıb. Məlumatda bildirilib ki, yaradılan hərəkat  "Yeni Demokratiya" adlanır.

O, hərəkatın yaranma zərurətinə də toxunub: "Azərbaycan cəmiyyətində, eləcə də bütün dünyada klassik siyasət get-gedə nüfuzunu itirməkdədir. Hazırda klassik siyasət demokratiyanın imitasiyasına çevrilib və özünü doğrultmamaqdadır. Klassik siyasətə baxışda dünyada baş verən tənəzzül Azərbaycanda daha dərin izlər buraxıb. Siyasi qüvvələr gün-gündən sosial bazasını itirir, xalqın dəstəyindən məhrum olur. Bu səbəbdən siyasətə yeni yanaşmanın ortaya qoyulmasına və xalqın inamının bərpa edilməsinə ehtiyac var. 

Cəmiyyətin yeni demokratiyaya ehtiyacı var. İmitasiya olunmayan, demokratik ənənələrin formalaşdığı siyasi qüvvə xalq tərəfindən dəstəklənəcək və cəmiyyətdə öz yerini tutacaq. Azərbaycanda müasir və sivil, azad cəmiyyətin formalaşması üçün "Yeni Demokratiya" Hərəkatını yaratdığımızı bəyan edirik. Yeni Demokratiya Hərəkatı üçün Azərbaycanın müstəqilliyi və ərazi bütünlüyü toxunulmaz, azad və demokratik cəmiyyətin qurulması missiyadır. Azərbaycanın gələcəyini Avropa ailəsinə tam inteqrasiyada görürük. Yeni Demokratiya Hərəkatı hazırkı iqtidara müxalifətdə olduğunu bəyan edir və ölkənin demokratikləşməsi üçün bütün səylərini səfərbər edəcəkdir.

Yeni Demokratiya Hərəkatı açıq müzakirələr vasitəsilə xalqın iradəsinə söykənən qərarların verilməsi ilə müxalifətin yeni imicini formalaşdırmaq üçün də çalışacaq. Yeni demokratiya mövcud və klassik siyasətin inikası deyil, aynası olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi