Yuxarı

Əli Hüseynli: “Müxalifətin aksiyaları nə gündədir ki, onlara elektroşok da tətbiq edilsin”

“Vətəndaşların təhlükəsizliyi baxımından bu, çox önəmli vasitədir”

Bakı. 5 noyabr. REPORT.AZ/ “Əslində elektroşok müasir xüsusi bir vasitədir. Elektroşok ona görə tətbiq olunur ki, o, daha təhlükəsizdir”. Bunu “Report”a Azərbaycan Milli Məclisinin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli MM-in “Polis haqqında” qanuna polisin elektroşokdan istifadəyə icazə verilməsi barədə etdiyi dəyişikliyi şərh edərkən deyib.

Ə.Hüseynli xatırladıb ki, elektroşok xüsusi vasitə kimi dünyanın bir çox ölkələrində istifadə olunur. Bu sıraya ABŞ, Fransa, Almaniya, Rusiya, Sinqapur, Malayziya kimi ölkələr də daxildir.

“Odlu silah təhlükəlidir, yoxsa elektroşok!? Həm də elektroşoku Azərbaycan kəşf etməyib. Bunu sivil ölkələr kəşf edib və müasir dövr polisi üçün ən sivil xüsusi vasitədir. MM-in etdiyi dəyişikliklə elektroşokdan yalnız qanunla müəyyən edilən hallarda istifadə etməyə icazə verilib. Cəmiyyət bunu normal qəbul etməlidir və edir də. Vətəndaşların təhlükəsizliyi baxımından bu, çox önəmli vasitədir”.

Ə.Hüseynli elektroşokdan guya müxalifət aksiyalarında tətbiq olunacağı barədə gəzən şayiələrə isə ironik şəkildə münasibət bildirib: “Bu gün müxalifətin aksiyaları nə gündədir ki, onlara elektroşok da tətbiq edilsin?! Həmin aksiyalara uzaqbaşı 300-500 adam toplaşır. Onlara nəyinsə tətbiq edilməsinə heç ehtiyac da yoxdur. Müxalifət nümayəndələri bu kimi şayiələrlə özlərini gündəmdə saxlamaq istəyirlər, özlərinin hansısa  gücünü şişirdirlər. Sonuncu dəfə Bakı Şəhər İcra Hakimiyyəti icazə verib və müxalifət də mitinq üçün toplaşıb. Orada nə qədər insan olub, o mitinqdə nə ediblər - hamısı göz qabağındadır. Amma orada təəssüf ki, terrorçu qruplaşma olan İŞİD-in də bayrağı qaldırılmışdı”.

Ə.Hüseynli əlavə edib ki, əgər hansısa bir proses zamanı – mitinq, yaxud digər hadisələr zamanı - qanun pozuntuları baş verərsə, qanunvericiliyə uyğun olaraq elektroşokdan istifadə oluna bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi