Yuxarı

Əli Əhmədov: "Azərbaycan cəmiyyətinə dünyanın multikultural cəmiyyət modeli kimi baxmaq lazımdır"

Bu gün Azərbaycan cəmiyyəti həyata multikultural dəyərlərdən baxır və cəmiyyətin inkişafını bundan kənarda görmür

Bakı. 7 may. REPORT.AZ/ "Son illər ərzində dünyada regional münaqişələrin artması, bir çox Avropa ölkələrində ifrat milliyyətçilik hərəkatlarının güclənməsi multikulturalizmin gələcəyinə baxışlarda optimizmin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. Dini tolerantlıq və sivilizasiyalararası münasibətlərdə Azərbaycanın nümunəsinin və ölkə rəhbərliyinin qəti siyasi mövqeyinin multikulturalizmin taleyi ilə bağlı məyusluğun aradan qalxmasına ciddi təkan verəcəyi şübhə doğurmur. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə bu il "Multikulturalizm ili" elan edilməsi böyük əhəmiyyət kəsb edir".

"Report"un məlumatına görə, bunu baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov
ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan "Heydər Əliyev irsi və multikultural dəyərlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlətlər və millətlər arasında əlaqə və münasibətləri müəyyənləşdirən başlıca amillərin təbiətində köklü dəyişikliklər baş verməsinə baxmayaraq, dinlər və mədəniyyətlərarası dialoq ictimai müzakirələrin və siyasi proseslərin ümumi istiqamətinə təsir göstərmək imkanlarını saxlamaqdadır: "Ölkələr arasında kommunikasiya və inteqrasiya imkanlarının genişlənməsi, müxtəlif dini etiqad və mədəniyyət daşıyıcılarının təmaslarının artması, nisbətən məhdud məkan hüdudlarında yaşaması dinlər və mədəniyyətlərarası dialoqu nəzərdə tutmaqla yanaşı, ayrı-ayrı mədəniyyətlərin qorunub saxlanması və inkişaf etdirilməsindən ibarət olan xüsusi siyasətin həyata keçirilməsini qaçılmaz edir".

Ə.Əhmədov əlavə edib ki, bu gün azərbaycanlıların yaşadığı hər bir yerdə böyük coşqu ilə qeyd olunur: "Bu gün dünyada multikultural dəyərlərə üsütünlük verilməsi əslində Azərbaycanda yüz illər boyunca mövcud olub. Uzun əsrlər boyu ölkədə müxtəlif dinlər dinc və sülh şəraitində yaşayıb. Bundan başqa, Azərbaycanda İslam icması ilə yanaşı, xristian və yəhudi icması, xüsusilə də yəhudi icması burada çox yüksək komfortlu şəraitdə yaşayır".

Baş nazirin müavini çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev daxilən çox tolerant bir insan olub: "Məhz Heydər Əliyevin tolerant düşüncəsi və multikultural dəyərlərə üstünlük verməsi nəticəsində bu gün Azərbaycanda tolerant bir cəmiyyət formalaşıb. Heydər Əliyevin düşüncəsinə görə, cəmiyyətin monolitliyi və inkişafını şərtləndirən əsas amil multikultural dəyərlərə üstünlük verməkdən ibarətdir. Məhz bu prizmadan yanaşmada multikulturalizm cəmiyyətdə özünə yer tapır".

Eyni zamanda, Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan cəmiyyəti həyata multikultural dəyərlərdən baxır və cəmiyyətin inkişafını bundan kənarda görmür: "Həmçinin, Azərbaycan cəmiyyətinə dünyanın multikultural cəmiyyət modeli kimi baxmaq lazımdır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi