Əfv Sərəncamı Probasiya xidmətində icra edilib

Daxili siyasət
  • 26 may, 2025
  • 15:33
Əfv Sərəncamı Probasiya xidmətində icra edilib

Ədliyyə Nazirliyinin Probasiya xidməti əfv sərəncamının icra edilməsi prosesini həyata keçirib.

“Report” xəbər verir ki, Probasiya xidmətinin rəisi Vüqar Ağayev bildirib ki, əfv sərəncamının şamil edildiyi 220 nəfərdən 20-si probasiya qeydiyyatında olan şəxslərdir.

“Bu 20 nəfərdən dördü Bakı şəhəri üzrə qeydiyyatda olanlardır. Onlardan biri azadlığın məhdudlaşdırılması, digərləri isə cərimə və islah işləri üzrə məhkumlardır”.

Vüqar Ağayev əlavə edib ki, bu il ilk dəfə Probasiya Xidməti ilə Sosial Xidmətlət Agentliyi əfv sərəncamının icrasının ardınca həmin şəxslərin cəmiyyətə uyğunlaşması üçün müştərək iş aparacaqlar.

Qeyd edək ki, Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

Foto: Zaur Mustafayev