Əfv sərəncamı Prezidentin milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdır

Əfv sərəncamı Prezidentin milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdır Sərəncam ümumilikdə 625 nəfərə şamil olunur
Daxili siyasət
18 Mart , 2021 21:53
Əfv sərəncamı Prezidentin milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdır
İlham Əliyev

Azərbaycanda insan hüquqlarının qorunmasına və cəza-icra siyasətinin humanistləşdirilməsinə daim önəm verən Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı dövlət başçısının milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdır.

"Report" xəbər verir ki, sərəncam ümumilikdə 625 nəfərə şamil olunacaq, cəzaçəkmə müəssisələrində saxlanılan 475 məhbus bu bayramı öz ailəsi ilə birlikdə keçirəcək.

Bu isə xalqımız üçün əziz olan Novruz Bayramı ərəfəsində minlərlə ailənin, onminlərlə insanın sevinci deməkdir.
Məhz bu sevincin təmin edilməsi üçün Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq sərəncam imzalayıb.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilir. Lakin sərəncam daha çox şəxsə - 625 nəfərə şamil edilir. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər.

Dövlət başçısı tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları indiyədək onminlərlə insana sevinc bəxş edib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasının tətbiqinin azaldılması və alternativ cəzalara üstünlük verilməsi məqsədilə ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə cinayət qanunvericiliyinə əsaslı dəyişikliklər edilib, bir çox əməllər dekriminallaşdırılıb, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub.

Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı yeni Qanunun təsiri altına düşən məhkumlar barədə məhkəmələrə göndərilmiş minlərlə təqdimat təmin edilib, o cümlədən cəzaçəkmə müəssisələrində saxlanılan və probasiya qurumlarının qeydiyyatında olan çox sayda məhkum cəzadan tamamilə azad edilib və ya məhkumun törətdiyi əməllər yeni maddələrə tövsif edilərək cəza müddətləri azaldılıb.
Məhkumları vaxtından əvvəl şərti olaraq azad etmə institutunun tətbiqi davamlı xarakter alıb.

Ötən il COVID-19 pandemiyası dövründə yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi də dövlətimizin humanist siyasətinin əyani təzahürüdür.

Son xəbərlər

Orphus sistemi