Yuxarı

Ədliyyə naziri: “Məhkəmə hakimiyyətinin nüfuzu və etibarı hakimlərin insanlarla rəftarından çox asılıdır”

Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi prosesi həyata keçirilib

Bakı. 26 may. REPORT.AZ/ “Məhkəmə hakimiyyətinin nüfuzu və etibarı hakimlərin insanlarla rəftarından, etik davranışından çox asılıdır”, “Report”un xəbərinə görə, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının (MHŞ) sədri Fikrət Məmmədov MHŞ-nin fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

F.Məmmədov qeyd edib ki, Azərbaycanın keçmiş Sovet İttifaqından miras qalmış məhkəmə və hüquq sistemi qısa müddət ərzində demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub: "2005-ci ildən fəaliyyətə başlamış Məhkəmə-Hüquq Şurasının 15 nəfər üzvündən 9-nun bütün məhkəmə instansiyalarını təmsil edən hakimlər olması, şurada bərabər səs hüququ ilə Prezidentin, Milli Məclisin, prokurorluğun, Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının nümayəndələrinin təmsil olunması onun fəaliyyətinin və qərarlarının hərtərəfli və dolğun olmasını şərtləndirib. Ötən 10 il ərzində Şura tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində təşkili, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə ardıcıl tədbirlər görülüb, 100-dək iclasda 400-dən artıq təşkilati məsələyə baxılıb, hakimlərin təyinatı, iş yerinin dəyişdirilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar 1200-dək məsələ həllini tapıb".

İnsanlara məhkəməyə müraciət üçün əlverişli şərait yaradılmasının ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində ən mühüm addımlardan biri olduğunu söyləyən ədliyyə naziri vurğulayıb ki, görülən bütün tədbirlər vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişlənməsinə, hakimlərin iş yükünün, süründürməçilik və s. pozuntuların azalmasına şərait yaradıb, bölgələrdə digər hüquq institutlarının inkişafına təkan verib: "Məhkəmə-Hüquq Şurasının Hakimlərin Etik Davranış Kodeksinin hazırlanmasına xüsusi əhəmiyyət verdiyini deyib. Əlavə edib ki, bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə ekspert qrupu yaradılıb, qabaqcıl təcrübəyə, o cümlədən BMT-nin “Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri”nə əsasən Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq Şura tərəfindən qəbul edilib".

F.Məmmədov qeyd edib ki, ötən dövr ərzində Şura tərəfindən hakimlər barədə 192 intizam icraatı başlanılıb, kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb: "Həmçinin dövlət başçısının korrupsiya ilə qəti mübarizənin aparılmasına dair tapşırıqları daim diqqət mərkəzində saxlanaraq, Şurada Korrupsiyaya qarşı mübarizə sektoru yaradılıb. Aşkar edilmiş korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 4 nəfər aşağı vəzifəyə keçirilib. Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilib. Çoxmərhələli imtahan və müsahibələrdən, habelə uzunmüddətli kurs və təcrübədən ibarət olan seçim proseduru müstəqil qurum - Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir. Komitə üzvlərinin yarıdan çoxunun yüksək məhkəmələrin hakimi olması, habelə Şuranın Aparatının, prokurorluğun, Ədliyyə Nazirliyinin, vəkilliyin və hüquqşünas-alimin bu qurumda təmsil olunması peşəkar hakim seçimini şərtləndirib. İmtahanlarda yüksək şəffaflıq və obyektivlik, o cümlədən prosesin bütün mərhələlərinin KİV nümayəndələrinin qarşısında keçirilməsi və internetdə canlı yayımlanması nüfuzlu beynəlxalq təsisatların da diqqətini cəlb edib. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ), Avropa İttifaqının və digər beynəlxalq qurumların Azərbaycanda hakimliyə namizədlərin seçimini örnək kimi qiymətləndirməsi ölkəmizin böyük uğurudur. Bu qaydalar əsasında keçirilən müsabiqələrdə iştirak etmiş 2600-dən çox hüquqşünasdan 307 nəfər seçilərək hakim vəzifəsinə təyin edilib. Faktiki olaraq, Ali Məhkəmə hakimlərinin sayı 2005-ci illə müqayisədə 50 faiz, apelyasiya instansiyası və Bakı şəhərinin rayon məhkəməsi hakimlərinin sayı isə iki dəfədən çox artırılıb. Hazırda hakim korpusunun 60 faizə qədərini, o cümlədən Bakı şəhəri üzrə 90 faizini yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər təşkil edir. CEPEJ, həmçinin ölkəmizdə məhkəmə sisteminin inkişafına və müasirləşdirilməsinə qoyulan sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanı öncül ölkə kimi qiymətləndirib. Görülən ardıcıl tədbirlərin və insanların etimadının nəticəsidir ki, məhkəmələrə daxil olan iddiaların sayı ilbəil, o cümlədən 2000-ci illə müqayisədə 10 dəfəyədək artıb. Təkcə 2014-cü ildə isə mülki xarakterli işlərin sayı 40 faiz artaraq 250 mini ötüb".

Ədliyyə naziri bildirib ki, ötən dövrdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərlə tədris prosesinə, xüsusilə insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə mühüm əhəmiyyət verilib: "Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimlər, Ali Məhkəmədə hər həftə xüsusi seminarlar keçirilir. Hakimlərimizin Avropa Məhkəməsinə mütəmadi səfəri təşkil olunur, onlar məhkəmənin fəaliyyəti ilə tanış olaraq dinləmələrdə bilavasitə iştirak edirlər. Həmçinin Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə xüsusi önəm verən Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkə hakiminin məhkəmədə 1 il müddətinə staj keçməsi təşkil edilib".

Onun sözlərinə göprə, şuranın iclaslarında müxtəlif qanunvericilik layihələri dəfələrlə müzakirə edilib, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 50-dək, o cümlədən “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna 11 dəfə mütərəqqi dəyişikliklər edilib: "Məhkəmə-Hüquq Şurasının məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi səlahiyyətləri genişləndirilib, o cümlədən hakimlərin müstəqilliyinin təmini və fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, hakim ştatlarının məhkəmələr üzrə bölüşdürülməsi Şuraya həvalə edilib".

Qarşıda duran vəzifələrdən danışan nazir deyib ki, ən mühüm vəzifələrdən biri məhkəmə fəaliyyətində texnoloji yeniliklərin tətbiqidir. Ə.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli sərəncamı bu sahədə strateji prioritetləri müəyyən edib: "Bu sistemin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi