Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasi-zadə “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. “Report” xəbər verir ki, qaydalar Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.2-ci bəndinə əsasən təsdiqlənib.
Bu qaydalar dövlət orqanlarında çağrı mərkəzlərinin, telefon məlumat xidmətlərinin, qaynar xətlərin, etimad xətlərinin və təyinatı bu Qaydalarda qeyd edilmiş çağrı mərkəzlərinin təyinatına oxşar xidmətlərin (Çağrı Mərkəzi) fəaliyyəti ilə bağlı tələbləri müəyyən edir və aidiyyəti məsələləri tənzimləyir. Çağrı Mərkəzi dövlət orqanında qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə əməllərinin qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə təşkil olunur. Çağrı Mərkəzinin təyinatı təmsil etdiyi dövlət orqanının fəaliyyəti ilə bağlı (orqanın səlahiyyətlərinə dair) sualların (sorğuların, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə bağlı müraciətlərin) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılmasından, məlumatlandırma və məsləhət xidməti göstərilməsindən, şikayətlərin (məlumatların, təkliflərin) qəbulu və yönəldilməsindən ibarətdir.
Çağrı Mərkəzi müraciətlərin qəbulunu və cavablandırılmasını ödənişsiz həyata keçirir. Çağrı Mərkəzi təmsil etdiyi dövlət orqanının səlahiyyətlərinə aid olan sual xarakterli müraciətlər daxil olduqda, onları birbaşa və ya müraciət vərəqəsi tərtib edərək araşdırdıqdan sonra cavablandırır. Çağrı Mərkəzi təmsil etdiyi dövlət orqanının səlahiyyətlərinə aid olan şikayət (ərizə, təklif, məlumat) xarakterli müraciətlər daxil olduqda onları qeydiyyata almaqla araşdırılaraq cavablandırılması üçün həmin orqanın aidiyyəti struktur vahidinə göndərir. Şikayətlərə baxılmasına görə aidiyyəti struktur vahidinin rəhbəri cavabdehlik daşıyır və o, şikayətə baxılmasının nəticəsi barədə müraciət edən şəxsə və Çağrı Mərkəzinə məlumat təqdim etməlidir.
Çağrı Mərkəzi daxil olmuş müraciətlərin araşdırılması üçün əlavə sənədlərə və birgə araşdırmaya ehtiyac olduqda, müraciət edəni təmsil etdiyi dövlət orqanının aidiyyəti struktur vahidinə (xidmət mərkəzinə) dəvət edə bilər.
Çağrı Mərkəzinə daxil olan müraciət onun təmsil etdiyi dövlət orqanının səlahiyyətlərinə aid olmadıqda, bu barədə müraciət edənə məlumat verilir və aidiyyəti orqana yönləndirilir.
Çağrı Mərkəzi canlı rejimdə müraciətlərin cavablandırılmasını təmsil etdiyi dövlət orqanı üzrə vahid nömrə ilə, vahid xidmət zalında (təmsilçi yerlərinin sayı 20 nəfərdən çox olduğu hallar istisna olmaqla), fövqəladə hallarda istifadə olunan xidmətlər (və ya mövcud qanunvericilikdə nəzərdə tutulan hallar) üzrə fasiləsiz (24/7), digər xidmətlər üzrə iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq həyata keçirir. Dövlət orqanları öz fəaliyyət xüsusiyyətlərindən asılı olaraq daha artıq iş vaxtı müəyyən edilməsi məsələsini nəzərdən keçirirlər. Təmsilçilərin həftəlik canlı rejimdə xidmət vaxtı 36 saatdan çox olmamalıdır. Çağrı Mərkəzinin nömrəsi çoxkanallı avadanlıqlardan istifadə edilməklə 3 və ya 4 rəqəmli olmalıdır. Canlı rejimdə fəaliyyət zamanı Çağrı Mərkəzi tərəfindən müraciət edən şəxslərin birbaşa təmsilçiyə bağlanmaqla yanaşı, digər özünəxidmət imkanları da təklif edildiyi halda, müraciət edən şəxsin səsli menyunun istənilən mərhələsində 0 (sıfır) düyməsini seçməklə təmsilçiyə bağlanmaq imkanı olmalıdır.
Çağrı Mərkəzi canlı rejimdə fəaliyyət göstərmədiyi vaxtlarda səsli menyu vasitəsilə müraciət edənlərə xidmət göstərilir, o cümlədən növbəti iş saatlarında əks əlaqə yaradılması üçün zəng sifarişi etmək imkanı təklif edilir və növbəti iş günü əks əlaqə yaradılaraq müvafiq xidmət göstərilir.
Canlı rejimdə fəaliyyət zamanı müraciət edən şəxs növbədə 10 saniyədən çox gözləyərək dəstəyi asdıqda (zəng itirildikdə) və təkrar zəng etmədikdə, gün ərzində əks əlaqə yaradılaraq ona müvafiq xidmət göstərilir.