Dövlət müşaviri: "Azərbaycanda multikultural harmoniyanın əsasını ulu öndər Heydər Əliyev qoyub"

Dövlət müşaviri: "Azərbaycanda multikultural harmoniyanın əsasını ulu öndər Heydər Əliyev qoyub" Almaniyada “Heydər Əliyev- gənclik - multikulturalizm” mövzusunda beynəlxalq konfrans başlayıb
Daxili siyasət
10 May , 2017 18:42
Dövlət müşaviri: Azərbaycanda multikultural harmoniyanın əsasını ulu öndər Heydər Əliyev qoyub

Bakı. 10 may. REPORT.AZ/ Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev- gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri-praktik konfrans işə başlayıb. 

BBMM-dən "Report"a verilən məlumata görə, Azərbaycanın Gənc Dostları Klubunun ideyası əsasında gerçəkləşən konfransa “Logen Haus” sərgi zalında “Heydər Əliyev və gənclik” foto-sərgisi ilə start verilib. Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri-Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təqdimatı ilə Ulu Öndərin ömür yolunu əks etdirən xatirə fotoşəkilləri sərgilənib.

Auqsburq Universitetinin Germanistika kafedrasının müdiri professor Alfred Vildfoyer tədbiri açaraq konfransın keçirilməsinin məqsədini açıqlayıb: “Bu konfransın keçirilməsində əsas məqsəd Azərbaycan multikulturalizminə ən yüksək siyasi qiymət verən və onu hüquqi müstəviyə qaldıran, eyni zamanda, gəncliyin dostu və etibarlı dayağı olan Heydər Əliyevə bəslənilən ehtiramı beynəlxalq səviyyədə ifadə etməkdir. Həmçinin Avropa, Asiya və Amerikada yaşayan Azərbaycanın Gənc Dostları Klubunun üzvlərinin vasitəsilə multikulturalizmi, tolerantlıq ideyalarını daha geniş təbliğ və təşviq etmək, dünyada sülhün bərqərar olmasına töhfə verməkdir”.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, İslam həmrəyliyi anlayışı özündə həm islamdaxili həmrəyliyi, həm də islamla digər konfessiyalar arasında olan harmoniyanı ehtiva edir: "Bu harmoniyanı məhz gənclər axtarıb tapmalı və həyata keçirməlidir. Bu mənada dünyanın dörd bir tərəfindən gələn və ölkəmizdən də onlara qatılan bu gənclər Azərbaycan multikulturalizminin varisləridir. Biz dünyamıza yeni nəfəs gətirməliyik. Bu- mərhəmətdir, şəfqətdir, sevgidir, başqasına hörmətdir.

Azərbaycanda multikultural harmoniyanın əsasını Ulu öndər Heydər Əliyev qoyub. Onun gəncliklə və multikulturalizmlə baglı ideyaları bu gün inkişaf edir və gələcəyi olan ideyalardan sayılır. Bizim 10 may tarixində buraya yığışmağımızın simvolik mənası həm də ondan ibarətdir ki, bu gün Ulu öndərin dogum günüdür".

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və iqtisadi inkişafın əsasının qoyulmasının məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Açılış nitqlərindən sonra “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda panel iclası başlayıb.

Müzakirələrdən sonra Auqsburq şəhərindəki sinaqoq, müqəddəs Anna kilsəsi və Bobinqen müsəlman məscidinin dini icmalarının nümayəndələri ilə görüş keçirilib. 

Son xəbərlər

Orphus sistemi