Yuxarı
    Bağlamaq

    Dövlət Miqrasiya Xidmətinin 10 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib

    Tədbirin sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunub© Dövlət Miqrasiya Xidməti

    Bakı. 17 mart. REPORT.AZ/ Martın 19-da Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasından 10 il ötür.

    DMX-dən "Report"a verilən məlumata görə, əlamətdar gün münasibətilə Xidmətin rəhbərliyi və bir qrup əməkdaşı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

    Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

    Daha sonra Xidmətin aparatında bu qurumun yaradlmasının 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

    Əvvəlcə dövlət himni səsləndirilib.

    Yubiley mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, iqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib və “güclü dövlət-müstəqil siyasət” devizini ötən illər ərzində praktik olaraq gerçəkləşdirib.

    Digər sahələrdə olduğu kimi, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi ilə bağlı dövlət tərəfindən bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib. Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası" qəbul edilib. Bu Konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2006-cı il iyulun 25-də “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında 560 nömrəli fərman imzalayıb.

    Artıq həmin fərmanın imzalanmasından 10 il keçir. Hazırda dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir.

    F.Nəbiyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən, miqrasiya siyasətinin prioritet istiqamətlərinə uyğun şəkildə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərinin yaradılması, miqrasiya proseslərinin idarə olunmasında yeni informasiya texnologiyalarının tətbiq edilməsi, qeyri-qanuni miqrasiyanın qarşının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə kimi qoyulmuşdu. Dövlət Miqrasiya Xidməti müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi 10 ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməkdə və Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xidmətindədir. İndi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.

    Ölkə Prezidentinin 2010-cu il 17 mart tarixli sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd olunur. Elə həmin il mayın 25-də Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni inzibatı binasının açılış mərasimində iştirak edib. Bu müddət ərzində Bakıda Xidmətin inzibati binası ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli fərmanı ilə yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sisteminə aid olan Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin inzibati binasının, regional miqrasiya idarələrinin, paytaxtda və Yevlaxda qanunsuz miqrantların saxlanılması mərkəzlərinin, Xidmətin Tibb müəssisəsinin tikintisinin həyata keçirilərək istifadəyə verilməsi Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.

    Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetirməyə çalışıblar.

    Ölkəmizdə keçirilən mötəbər beynəlxalq idman yarışları - birinci Avropa Oyunları və Formula-1 Avropa Qran-Prisi zamanı müəyyən olunmuş vəzifələrin öhdəsindən layiqincə gəlib. Bu il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da Xidmətin qarşısında mühüm tapşırıqlar qoyulub. Şübhə yoxdur ki, miqrasiya orqanları əməkdaşları bu dəfə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

    Xidmət rəisi diqqətə çatdırıb ki, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali diqqət və qayğısı, Xidmətin inkişafı üçün qəbul etdiyi qərarlar şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılanır. Ölkə rəhbərinin Xidmətin fəaliyyətinə verdiyi yüksək qiymət, söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla Xidmət əməkdaşlarını daha böyük uğurlara ruhlandırır. Məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Xidmətin və regional miqrasiya idarələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, qanunsuz miqrantların saxlanılması mərkəzləri ən yüksək beynəlxalq standartlara uyğun təchiz olunub.

    Çıxışının sonunda F.Nəbiyev miqrasiya orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirən, peşə bayramı ərəfəsində bir qrup əməkdaşı dövlət mükafatları ilə təltif edən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, dövlətimizin başçısını əmin edib ki, DMX-nin şəxsi heyəti bu quruma həvalə edilmiş vəzifələrin icrasında səy və bacarıqlarını əsirgəməyəcək, öz peşə bacarıqlarını daim artıracaqlar.

    Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü ilə əlaqədar bir qrup miqrasiya xidməti qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı, həmçinin Dövlət Miqrasiya Xidməti rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri təqdim edilib.

    Xatırladaq ki, sərəncamlara əsasən, Dövlət Miqrasiya Xidmətinin iki əməkdaşı III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinə layiq görülüb. Həmçinin xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, Xidmətin 18 əməkdaşı isə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunub. Bundan başqa, 1 nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib.

    Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi