Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın 11 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün İctimai Şuraya seçkilər keçirilib.
Komitədən "Report"a verilən məlumata görə, sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 21 namizəd rəsmi qeydiyyata alınıb.
Seçkinin təşkili məqsədilə ötən il Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası yaradılıb və Komissiyanın protokoluna əsasən şuraya üzvlüyün say həddi 11 olaraq təsdiq edilib.
Seçkilərin keçirilməsi ilə bağlı səsvermədə iştirak etmək üçün 26 yanvar - 9 fevral tarixində Dövlət Komitəsi tərəfindən elan verilib və müraciət edən 98 vətəndaş cəmiyyəti institutu qeydiyyata alınıb. Onlardan 87 nəfər səsvermədə iştirak edib.
Seçki prosesinin sonunda səslər müvafiq komissiya üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq İctimai Şuranın 11 nəfərdən ibarət yeni tərkibi seçilib. Həmin şəxslər aşağıdakılardır:
1. Sahib Məmmədov - “Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası”
2. Kəmalə Aşumova - Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi
3. Mehriban Zeynalova - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi
4. Fariz Əkbərov - “Azərbaycan Uşaqları” İctimai Birliyi
5. Nailə İsmayılova - “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
6. Vəfa Abbasova - “Azərbaycan Qadınları Respublika Cəmiyyəti”
7. Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondu
8. Rahilə Mehtiyeva -“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
9. Fəridə Vəliyeva - “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi
10. Məmmədhəsən Həsənov - “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi
11. Elnarə Məhərrəmova - “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq İctimai Şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir şuranın yeni tərkibi seçilməlidir.
İctimai Şura Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması
kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərində fəaliyyət göstərəcək.
Seçkilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında keçirilib.