"Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir".
"Report" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Azərbaycanın daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır”.