Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dini Liderlərin Qlobal Bakı Sammiti çərçivəsində bir sıra görüşlər keçirib.
Bu barədə "Report"a Dini Komitədən məlumat verilib.
Bildirilib ki, sədr Türkiyənin Diyanet İşləri Başqanı Ali Erbaş, Rusiya Müsəlmanlar İdarəsinin rəhbəri, müfti Ravil Qaynutdin, Türkiyənin Cəfərilər icmasının lideri Səlahaddin Özgündüz, Özbəkistan Prezidentinin dövlət müşaviri Müzəffər Kamilov, Mormon Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerard və Stirlinq Fondunun prezidenti Mayls Hansen, Misirin Dini işlər və vəqflər naziri Osama Əl-Əzhəri, Misir diyarının müftisi Nazir Mohamed Ayad ilə görüşüb.
Görüşlərdə dini-mənəvi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib, əməkdaşlığın inkişaf perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və proqramlar barədə fikir mübadiləsi aparılıb.
R.Məmmədov Azərbaycanın multikulturalizmə özünün dövlət siyasəti kimi yanaşmasının önəmi və bu sahədə əldə etdiyi nailiyyətləri görüş iştirakçılarının diqqətinə çatdırıb:
"Heydər Əliyevin səyləri nəticəsində multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəlib. Tolerant və multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi fəaliyyət hazırda İlham Əliyev, milli-mənəvi dəyərlərin hamisi Mehriban Əliyeva tərəfindən uğurla gerçəkləşdirilir".
Görüş iştirakçıları Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək məqsədilə region və digər ölkələrdən olan siyasi, mədəni və dini liderləri bir araya gətirərək çoxsaylı yüksək səviyyəli və əməli fəaliyyətə yönəlmiş tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndiriblər.