Yuxarı
    Bağlamaq

    DİN-də geniş kollegiya iclası keçirilib

    Ramil Usubov: “Şəxsi heyət həmişə olduğu kimi, bu ili də yüksək göstəricilərlə başa vuracaq”

    Bakı. 8 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyində (DİN) “DİN-in Kollegiya qərarlarının icra”sının, “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi sahəsində görülən işlər”in və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”nin vəziyyətinə həsr olunan geniş kollegiya iclası keçirilib.

    Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

    Gündəlikdəki birinci məsələ barədə məruzə ilə daxili işlər nazirinin müavini-Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev çıxış edib.

    Məruzəçi qeyd edib ki, Daxili İşlər Nazirliyi tərəfindən respublikada cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və ardıcıllığının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, effektiv idarəetmə sisteminin formalaşdırılması, bütövlükdə, fəaliyyətin qanunvericiliyin tələblərinə, dövlət başçısının tapşırıqlarına uyğun qurulması məqsədilə mühüm işlər görülüb. 

    O bildirilib ki, son 3 ilə yaxın müddətdə 13 Kollegiya iclası keçirilib və nəticələri üzrə 21 qərar qəbul olunub. 

    Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edərək deyib ki, əməliyyat şəraitinə və cinayətlərin açılmasına əhəmiyyətli təsiri baxımından təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışının vəziyyəti daim diqqət mərkəzində saxlanılıb, bu sahədə görülən işlər əvvəlki Kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunub, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə yazılı göstərişlər göndərilib, şəhər, rayon polis orqanlarına əməli köməkliklər edilib.

    Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş işlər barədə məruzə edən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bildirib ki, təşkilatçılıq fəaliyyətinin və nəzarət mexanizminin yaxşılaşdırılması, regional şöbələrin və ərazi polis orqanlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də tədbirlər davam etdirilib. 

    İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu qeyd etməklə yanaşı, mövcud nöqsanların aradan qaldırılmasını, ilin sonunadək əsaslı dönüş yaradılmasını tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyələrini verib.

    İlin başa çatmasına 2 aydan da az müddət qaldığını diqqətə çatdıran Ramil Usubov əldə edilən müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini tələb edib, eyni zamanda, profilaktik işin, xüsusilə yeniyetmə və gənclər arasında, təhsil müəssisələrində yerli hüquq-mühafizə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə antinarkotik təbliğat və təşviqatın daha da gücləndirilməsinin, cinayətlərin qarşısının alınmasının və bağlı qalmış cinayətlərin açılması istiqamətində zəruri tədbirlərin müəyyənləşdirilib həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

    Qeyd edilib ki, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin açılması, əvvəllər məhkum olunmuş şəxslər və yetkinlik yaşına çatmayanlar tərəfindən, eləcə də ailə münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının vaxtında alınması üçün adekvat ölçülər götürülməli, hər bir orqan və hissədə qanunçuluğun, nizam-intizamın gücləndirilməsi, vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında və operativ şəkildə münasibət, əməkdaşların tapşırılmış sahəyə məsuliyyətinin, peşəkarlıq və hazırlıq səviyyələrinin daha da yüksəldilməsi istiqamətində fəaliyyət daha böyük əzmlə davam etdirilməlidir.

    Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin, Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu tələblərin, verdiyi tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, dövlətə, xalqa, Prezidentə sədaqətlə xidmət edəcək, həmişə olduğu kimi, cari ili də yüksək göstəricilərlə başa vuracaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi