"Yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri region dövlətləri üçün yeni reallıqlar vəd edir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat qeyd edib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı:
"Şanlı qələbəmiz, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Dağlıq Qarabağ münaqişəsinini həlli istiqamətində son nöqtə oldu".
O bildirib ki, regionda təhlükəsizliyin, sülhün bərqərar olması işində mühüm addım kimi tarixə düşən üçtərəfli bəyənatdan sonra yanvarın 11-də keçirilən görüş və imzalanmış üçtərəfli bəyanat bütövlükdə regionun inteqrasiyası və inkişafı üçün yeni perspektivlər istiqamətində atılan növbəti addımdır:
"Prezidentimiz İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında qeyd edib ki, bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan 10 noyabr bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımlar müəyyənləşdib. Hazırkı postmüharibə mərhələsində Azərbaycan sürətlə işğaldan azad edilmiş ərazilərində yol-nəqliyyat və infrastruktur layihələrini həyata keçirməkdədir. Görüşdə Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf etdiyinə toxunan Rusiya Prezidenti Vladimir Putin bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanmasının həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurulmasına imkan verəcəyini bildirib".
"Nəqliyyat kommunikasiyalarının açılması qonşu ölkələrin iqtisadi inkişafında, idxal və ixrac əməliyyatlarının təhlükəsiz həyata keçirilməsində, regionda nəqliyyat dəhlizinin yaradılmasında da böyük əhəmiyyəti var. Məhz bunun üçün ölkə Prezidentimiz xüsusi ilə vurğulayır ki, qonşu ölkələr də nəqliyyat dəhlizlərinin yaradılmasında və bölgəmizdə geniş nəqliyyat şəbəkəsinin yaradılmasında fəal iştirak edəcəklər", - deputat deyib.