“Dünya enerji bazarında müşahidə edilən qiymət artımı enerji daşıyıcılarının qiymətinin yenidən tənzimlənməsi məsələsini aktuallaşdırıb. Hazırda qlobal tendensiya ondan ibarətdir ki, benzin və dizel yanacağının parakəndə qiymətlərində demək olar ki, dünyanın hər yerində qiymət artımı müşahdə edilir. Bunun obyektiv səbəbləri var və təcrübə göstərir ki, vaxtında bu cür qərarların qəbul edilməsi sonrakı mərhələdə müvafiq sektorda yarana biləcək mümkün risklərin qarşısını alır”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, hələ 2020-ci ildə bəzi ölkələrdə belə artım müşahidə edilməyə başlanılıb və çevik iqtisadi üsullarla artım dinamikası müəyyənləşdirilərək dərhal istehlak bazarında öz əksini tapıb: “Məsələn, biz 2019-2020-ci illərdə Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Almaniya və.s kimi ölkələrdə müvafiq olaraq benzin və dizel yanacağının qiymətində 4 faizdən 32 faizədək artım müşahidə etdik. Bütövlükdə isə Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir. Lakin bu dövr ərzində Azərbaycanda dövlətin həyata keçirdiyi xüsusi sosial və tarif siyasəti sayəsində qiymət bazarı sabit olaraq qaldı. Beləki, ölkəmizdə dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılmışdı. Ancaq ötən dövr ərzində respublika üzrə orta aylıq əmək haqqı 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib. Göründüyü kimi, əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb və bu özlüyündə vətəndaşlarımızın alıcılıq qabiliyyətinin yüksəlməsi deməkdir. Lakin göründüyü kimi bu mərhələdə beniznin və dizel yanacağının parakəndə satış qiymətində heç bir artım baş verməyib”.
O qeyd edib ki, son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb: “Belə ki, 2018-ci ildə 28 min 876, 2019-cu ildə 47 min 710, 2020-ci ilin 11 ayında isə 47 min 841 avtomobil ölkəyə idxal edilib. İdxalın artması analoji olaraq, benzinə və dizelə tələbat da artırıb ki, bu da qiymət tənzimlənməsini zəruri edən səbəblərdən birinə çevirilib. Eyni zamanda 2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb. Bu iki sosial paket ümumilikdə 4,2 mln. nəfəri əhatə edib ki, bu da əhalimizin 42 faizi deməkdir. Paketlərin maliyyə həcmi isə 2019-cu il üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib. Göründüyü kimi, bütün bunlar ümumi iqtisadi münasibətlər və real maliyyə münasibətləri kontekstində obyektiv qiymətləndirmə tələb edir”.
H.Babaoğlu vurğulayıb ki, hazırda tətbiq edilən qiymət artımı digər sahələrdə qiymət artmına səbəb olmayacaq: “Çünki paralel olaraq müvafiq önləyici tədbirlər də həyata keçirilir. Məsələn, qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək. Bu isə qiymət artımına qarşı həssas olan sosial təbəqəni qorumaq deməkdir. Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Göründüyü kimi, qiymət artımı ilə bağlı qərar qəbul edilərkən məsələyə kompleks yanaşılmaqla həsas sosial qrupların və vətəndaşlarımızın sosial mənafeyi nəzərə alınıb”.