Deputat: “Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq”

Deputat: “Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq” “Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq. Əgər bunun fərqində olmasaq, hər birimiz öz şəxsi karantin rejimimizi elan edib özümüzü təcrid etməsək, ən pis ssenari ilə üzləşə bilərik”.
Daxili siyasət
31 Mart , 2020 15:57
Deputat: “Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq”

“Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq. Əgər bunun fərqində olmasaq, hər birimiz öz şəxsi karantin rejimimizi elan edib özümüzü təcrid etməsək, ən pis ssenari ilə üzləşə bilərik”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, ölkə və vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub:

"Hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm, hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Ona görə də bu vaxta qədər yol verdiyimiz məsuliyyətsizliyi, səhlənkarlığı bir kənara qoyub ciddi karantin rejimini tətbiq edərək həyatımızda tamamilə yeni bir səhifə açmağı bacarmalıyıq. Əks təqdirdə nəinki özümüzün, həm də yaxınlarımızın, sevdiklərimizin həyatına ciddi təhlükə yarada bilərik”.

Deputat deyib ki, hər birimizin müşahidə etdiyimiz və müqayisə edərək doğru nəticə çıxara biləcəyimiz dünya təcrübəsi var:

“Hansı ölkələrdə karantin rejimi vətəndaşlar tərəfindən ciddi qəbul edildisə, ona riayət olundusa, həmin ölkələr koronavirusa minimum itki ilə qalib gələ bildi. Bunun əksini edənlər isə çox ağır itkilərə məruz qalmalı oldular. Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcridetmə, maksimum passiv evdəqalmadır. Bu gün passiv evdəqalma koronavirusa qarşı ən aktiv mübarizə aparmaq deməkdir. Bir müddət sonra bu təhlükə də arxada qalacaq. Sosial-ictimai həyatımızda yeni bir dövr başlayacaq və biz bu dövrü “postkorona” dövrü adlandıracağıq. Gəlin elə tədbirlər görək ki, bu dövrə yaxınlarımızla, əzizlərimizlə birlikdə qədəm qoya bilək. Bu gün birimizin təhlükəsizliyi hər birimizin təhlükəsizliyi, birimizin məsuliyyətsizliyi isə hər birimiz üçün təhlükədir. Təhlükəni birgə dəf etmək hamımızın vətəndaşlıq vəzifəmiz və borcumuzdur. “Evdəqal Azərbaycan!”, “Vətəndaş evdəqal!” bu günün ən aktual çağırışıdır. Evdə qalaq, bu günümüzü, gələcəyimizi xilas edək!”

Son xəbərlər

Orphus sistemi