Yuxarı
    Bağlamaq

    Deputat: "Guya bələdiyyələr torpaqsatan və vətəndaşların inamını itirən qurumlardır..."

    Bu fikirlərlə qəti razı deyiləm

    Bakı. 12 fevral. REPORT.AZ/ "Bir neçə ildir ki, bələdiyyələr tənqid və qınaq predmetinə çevrilib. Guya onlar torpaqsatan və vətəndaşların inamını itirən qurumlardır. Bəlkə də əvvəllər bununla razılaşmaq olardı, lakin indiki zəmanədə bununla qəti razı deyiləm. Çünki statistik məlumatlara baxsaq görərik ki, 2015-ci ilin 6 ayı ərzində torpaq satışından əldə olunan gəlir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 51,4 faiz azalıb". "Report"un məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov parlamentdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzənin müzakirəsi zamanı çıxışında deyib.

    Deputat bildirib ki, digər yerli vergi və ödənişlər üzrə daxilolmalar artıb: "Bu da o deməkdir ki, bələdiyyələr özünün əsas vəzifəsini dərk etməyə başlayıb. Artıq bütün var-güclərini və resurslarını vergi ödənişlərinin yığılmasına səfərbər ediblər. Eyni zamanda, 2015-ci ildə fiziki şəxslərin əmlak vergisindən 2014-cü illə müqayisədə 19,8 faiz artım olub. Nəzərə alaq ki, keçən ildən bütün ödəmələr bələdiyyələrə nağdsız şəkildə həyata keçirilir".

    O əlavə edib ki, bələdiyyələrin konstitusion qurum olmasını heç kim unutmamalıdır: "Bələdiyyələrin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirləri qəti qəbul etmirəm. İndiki halda onlar vergini yığa bilmirsə, yeni səlahiyyətlər verilsə də, bunu yenə də yarımçıq edə biləcəklər. Əsas məsələ odur ki, onlar indiki mövcud yerli vergi və ödənişləri tam şəkildə yığa bilsinlər ki, dövlət onlara etibar edib yeni səlahiyyətlər verə bilsin. Bələdiyyə vergiləri mütləq şəkildə yığılmalıdır. Bunun üçün də vətəndaşlar vergini tam vaxtında ödəməlidir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi