Deputat: "Ermənilərin azərbaycanlılara qarşı nifrət dolu siyasətinə dair kifayət qədər faktlar var”

Deputat: "Ermənilərin azərbaycanlılara qarşı nifrət dolu siyasətinə dair kifayət qədər faktlar var” "Ermənistanın uzun illərdir formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət olunub"
Daxili siyasət
6 May , 2021 18:07
Deputat: Ermənilərin azərbaycanlılara qarşı nifrət dolu siyasətinə dair kifayət qədər faktlar var”
Fatma Yıldırım

“Ermənistan 30 ilə yaxın işğalçılıq siyasəti dövründə Azərbaycan ərazilərində bir çox hərbi cinayətlər törədib, dinc insanları kütləvi qətliamlara məruz qoyub, həmin ərazilərimizdə bütün maddi, mənəvi və mədəni-tarixi irsimizi yer üzündən silməyə çalışıb. Bütün bunların əsasında isə Azərbaycan xalqına nifrət dayanır”.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlayaraq beynəlxalq təşkilatlara ünvanlaması təqdirəlayiqdir: "Burada məqsəd Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir".

Onun sözlərinə görə, ermənilərin azərbaycanlılara qarşı nifrət dolu siyasətinə dair kifayət qədər faktlar mövcuddur: “Bu baxımdan hesabatın hazırlanmasında ombudsmanın əldə etdiyi faktoloji materiallardan, sosial media şəbəkələrində və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub. Ümumiyyətlə, insanlıq tarixində baş verən müharibələrin, kütləvi qırğınların kökündə hər zaman hər hansı bir xalqa, millətə və ya etnik qrupa münasibətdə nifrətin, dözümsüzlüyün formalaşdırdığı amillər xüsusi yer tutur. Demokratik dəyərlərə, sosial stabilliyə və sülhə çox ciddi təhdid sayılan nifrət siyasəti sistemli şəkildə aparıldığı zaman cəmiyyətləri daxilən zəhərləyir, nəsildən-nəslə keçərək insanlar arasında dözümsüzlük mühiti yaradaraq düşmənçiliyi qızışdırır”.

F.Yıldırım qeyd edib ki, Ermənistanın uzun illərdir formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət olunub: “Belə ki, davamlı olaraq tarixi faktları saxtalaşdıraraq erməni cəmiyyətində azərbaycanlılara qarşı yürüdülən nifrət və dözümsüzlüyü təşviq edən siyasət nəticəsində tarixin müxtəlif dövrlərində etnik təmizləmə, kütləvi qırğınlar və soyqırımı cinayətləri törədilib. Son 30 illik işğal tarixi də buna sübutdur. Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə və insan hüquqları pozuntularına vaxtında beynəlxalq hüquqi qiymətin verilməməsi bu kimi halların davam etməsinə şərait yaradıb. Biz Ermənistanın Azərbaycan xalqına qarşı nifrətinə işğaldan azad edilmiş ərazilərimizin mənzərəsini müşahidə edərkən bir daha şahid olduq. Dünya ictimaiyyəti erməni tərəfinin nifrətə köklənmiş siyasətinə laqeyd qalmamalı, öz mövqeyini bildirməli və etiraz səsini ucaltmalıdır”.

Son xəbərlər

Orphus sistemi