Deputat dəm qazından zəhərlənmələrin əsas səbəblərindən birini açıqlayıb
- 01 fevral, 2022
- 09:27
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qaz təchizatı haqqında” qanuna dəyişiklik layihəsi kifayət qədər aktual bir problemin həllinə xidmət edir. Qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi bu sahədə işin daha effektiv təşkili baxımından vacibdir. Dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin əsas səbəblərindən biri texniki xidmət qaydalarına əməl olunmaması, bir çox hallarda isə ümumiyyətlə texniki xidmətin göstərilməməsidir”.
“Report”un xəbərinə görə, bu sözləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.
Deputat hesab edir ki, təqdim edilən qanun layihəsi insanların təhlükəsizliyi və sağlamlığının qorunması baxımından vacib bir problemin həllinə kömək edəcək: "Bu qanunların tətbiqi dəm qazından zəhərlənmə hallarının minimuma endirilməsi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması üçün mühüm əhəmiyyətə malikdir.
“Azəriqaz” istehsalat Birliyinin son dövrlərdəki fəaliyyəti bu sahədə də əsaslı dönüş yaradılacağını söyləməyə əsas verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində istehlakçıların fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz edilməsi istiqamətində mühüm addımlar atılıb, ölkədə qazlaşdırma səviyyəsi 96,2 faizə çatdırılıb. Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, son illərdə Xəzər rayonunda da əhalinin təbii qaza ehtiyacının ödənilməsi istiqamətində xeyli iş görülüb. Qurumun ictimaiyyətə açıq fəaliyyəti, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşması da cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan əminəm ki, qəbul olunan yeni qanun layihələrinin icrası da uğurla həyata keçiriləcək və ümumilikdə vətəndaşlarımızın təhlükəsizliyinin, sağlamlığının qorunması daha yüksək səviyyədə təmin olunacaq".