Deputat: "Azərbaycanda insan hüquqları Avropanın əksər ölkəsindən daha yüksək səviyyədə qorunur"

Deputat: "Azərbaycanda insan hüquqları Avropanın əksər ölkəsindən daha yüksək səviyyədə qorunur" Avropada bəzi təşkilatların məsələnin mahiyyətinə varmadan tələsik şəkildə əsassız bəyanatlarla çıxış etməsi hallarına rast gəlirik
Daxili siyasət
23 Oktyabr , 2019 12:58

"Azərbaycanda insan hüquqlarının, beynəlxalq normaların aliliyi Avropanın əksər ölkələrindən daha yüksək səviyyədə qorunur. Oktyabrın 19-da Bakının mərkəzində, metropoliten ərazisində bir qrup radikalların icazəsiz aksiya cəhdi zamanı hakimiyyət orqanlarının davranışı məhz bu anlamda sırf hüququn aliliyinin qorunmasına xidmət edib. İtaliyada, Fransada, Almaniyada və aparıcı Avropa ölkələrində aksiyalarda insanlara divan tutan, hətta adi gündəlik həyatda insanların xırda şübhəli hərəkətlərinə görə daim onları təqib altda saxlayan polisin fəaliyyətini görürük. Azərbaycan polisinin onlardan ilk fərqi, bax, elə budur”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası İşçi qrupunun rəhbəri Azər Kərimli bildirib.

O deyib ki, Avropanın ən qədim tarixə malik respublikarı ilə müqayisədə gənc demokratik ölkə olan Azərbaycanda insanların bütün hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq hüququ yüksək formada təmin olunub: “Gəlin açıq danışaq. Təsəvvür edin ki, hər hansı Avropa ölkəsində dövlət əhəmiyyətli strateji obyektlərdən olan metropoliten yaxınlığında bir qrup şəxs icazəsiz aksiyaya, dövlət əleyhinə hər hansı addıma cəhd edir. Siz təsəvvür edirisnizmi, polis onlara qarşı necə amansız addım ata bilər?! Bunu heç təsəvvür etməyə ehtiyac yoxdur. Çünki biz Avropa ölkələrində bunu hər gün televiziya ekranlarında, internetdən şahidi oluruq. Bu baxımdan Bakının mərkəzində, əsas metrostansiyalardan olan “28 May” stansiyasının yanında belə bir qanunsuz cəhdə qarşı polis sırf qanuna uyğun addımlar atıb. Bu cəhdin təşkilatçılarının mitinq keçirmək müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyini xatırladaraq, mitinqin keçirilməsi üçün Bakı şəhərində digər ərazi müəyyənləşdirib təklif etmişdi. Mitinq üçün müraciət edən şəxslər isə qəsdən toqquşma yaratmaq məqsədi ilə şəhərin mərkəzi küçələrinə axışmağa cəhd ediblər və hüquq mühafizə orqanları da bu qanunsuz aksiyanın qarşısını vəzifə tələblərinə uyğun olaraq alıb. Aksiyada iştirak edənlərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. Halbuki Avropada belə olmur, mütləq ciddi maliyyə sanksiyası və yaxud digər inzibati cəza tətbiq olunur”. 

A.Kərimli Avropa İttifaqının və Avropa Şurasının insan hüquqları üzrə komissarının hadisə ilə bağlı bəyanatına da münasibət bildirib: "Onlar yuxarıda qeyd etdiyim kimi, çox yaxşı olardı ki, əvvəlcə Avropa ölkələrində nümayişçilərə qarşı rezin güllələrdən və həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirsinlər. Mən təəssüf edirəm ki, Avropada bəzi təşkilatların məsələnin mahiyyətinə varmadan, müvafiq rəsmi qurumların mövqeyini öyrənmədən tələsik şəkildə əsassız bəyanatlarla çıxış etməsi hallarına rast gəlirik. Bu, ilk növbədə, onların təmsil etdikləri təşkilatıların imici üçün arzuolunan deyil”.

Son xəbərlər

Orphus sistemi