Yuxarı

Deputat: “Avropa Oyunları ərəfəsində anti-azərbaycan koalisiyasında birləşən qüvvələr istəklərinə nail ola bilməyəcəklər”

“Bakıda həm atəşfəşanlıq, həm də türklərlə həmrəylik nümayiş etdirə bilərik”

Bakı. 3 aprel. REPORT.AZ/ “Azərbaycan ilk dəfə I Avropa Oyunlarına ev sahibliyi edəcək. Danılmaz faktdır ki, bu ərəfədə ölkəyə qarşı anti-azərbaycan koalisiyasında birləşən qüvvələr Azərbaycana qarşı şər-böhtan kampaniyasına başlayacaqlar. Lakin burdan həmin qüvvələrə səslənirəm ki, istəkləri baş tutmayacaq”. “Report” xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fəzail Ağamalı çıxışında deyib.

Onun sözlərinə görə, Avropa Oyunları ərəfəsində həmin qüvvələr istəklərinə nail ola bilməyəcəklər: “2011-ci ildə ölkədə keçirilən “Eurovision” mahnı müsabiqəsində də onlar təxribat xarakterli işlərə əl atmaq istəyirdilər, lakin istəklərinə nail ola bilmədilər. Bütün bu kimi halları nəzərə alaraq, Oyunların keçirilməsi ərəfəsində bütün imkanlarımızı səfərbər edəcəyik. Buradan bütün xalqa səslənirəm ki, iradəmizi bir yerə qoyaraq həmin şəxslərə birgə müqavimət göstərə bilək”.

Deputat Fazil Mustafa isə 24 apreldə Ermənistanda və digər ölkələrdə uydurma “erməni soyqırımı”nın ildönümü ilə bağlı tədbirlər keçiriləcəyini xatırladıb: “Həmin dövrdə ermənilərə özümüzə məxsus cavab verməliyik. Konkret siyasi plan həyata keçirməliyik. Türklər ağıllı addım atdı və həmin vaxt Çanaqqalının 100 illiyini qeyd edəcəklər. Biz də bunu əsas götürürək Çanaqqalanın 100 illiyini Azərbaycanda da qeyd etməliyik. Bununla Bakıda həm atəşfəşanlıq, həm də türklərlə həmrəylik nümayiş etdirə bilərik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi