​Müsavat Partiyasının daxilində yaradılan İşçi Qrup fəaliyyətini dayandırıb

​Müsavat Partiyasının daxilində yaradılan İşçi Qrup fəaliyyətini dayandırıb Başqanlığa sabiq namizəd: "Bu məsələdə Qubad İbadoğlu və tərəfdarlarının addımları əsas rol oynadı"
Daxili siyasət
18 Dekabr , 2014 11:59
​Müsavat Partiyasının daxilində yaradılan İşçi Qrup fəaliyyətini dayandırıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Müsavat Partiyasının VIII qurultayının nəticələrindən narazı qalanların növbədənkənar qurultayla bağlı təkliflərin dəyərləndirilməsi məqsədilə yaratdıqları İşçi Qrup fəaliyyətini dayandırıb.

Bu barədə "Report"a partiya başqanlığına sabiq namizəd Tural Abbaslı məlumat verib.

O, İşçi Qrupun fəaliyyətinin dayandırılmasını qrupun son iclasında partiya daxilində fraksiya yaradılması və növbədənkənar qurultayın keçirilməsi üçün Təşəbbüs qruplarının yaradılması ilə əlaqələndirib: "Təşəbbüs qrupları yaradıldıqdan sonra İşçi Qrupu fəaliyyətini dayandırmış oldu. Bu məsələdə Qubad İbadoğlu və tərəfdarlarının addımları əsas rol oynadı. Qubad İbadoğlunun hərəkat yaratdığını elan etməsi partiya daxilində narazılar arasında qeyri-müəyyənlik yaradıb. Yəni, insanlar hərəkat və partiya daxilində yaradılacaq fraksiya ilə bağlı anlaşılmaz durumdadırlar. Hərəkat yaradılması narazılar arasında bir qədər əhvali-ruhiyyəni aşağı saldı. Bəziləri düşünür ki, mübarizə partiya daxilində aparılmalıdır. Mən növbədənkənar qurultayın keçirilməsinin mümkün olmadığını düşünürəm. Qurultayla bağlı son qərarı Məclis verir. Bilirsiz ki, Məclisdə də insanların əksəriyyəti Arif Hacılının tərəfdarıdır".

Başqanlığa sabiq namizəd bildirib ki, partiya daxilində fraksiya yaradılması ilə bağlı ciddi addımlar atılacaq: "Bununla bağlı danışıqlar aparacağıq, partiyadaxili vəziyyətdən narazı qalan nüfuzlu insanlarla görüşlər keçirəcəyik. Fraksiyanı yaratmaqda məqsəd partiyanı zəiflətmək deyil, partiya daxilində demokratiyanın bərqərar olunmasına çalışırıq. Biz partiya rəhbərliyinə şans verdik, amma vəziyyət dəyişmədi, yenə də "asarıq", "kəsərik", "boğarıq" ritorikası ilə hərəkət edirlər. Onlar bu cür davam edərlərsə, tərəfdarları fraksiyaya qoşulacaqlar. Yəqin ki, yaxın günlərdə 6-7 nəfərdən ibarət Təşəbbüs Qrupu elan edəcəyik".

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Səxavət Əlisoy isə namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürüb. Qurultayın nəticələrindən narazı qalanlar partiyadakı mövcud vəziyyətin və növbədənkənar qurultayın keçirilməsi ilə bağlı təkliflərin dəyərləndirilməsi məqsədilə İşçi Qrup yaradıb. İşçi Qrupunun formalaşdırılması səlahiyyətləri Qubad İbadoğluna, Səxavət Əlisoya və Tural Abbaslıya verilib.

Hazırda isə növbədənkənar qurultayın keçirilməsi məqsədilə yaradılan Təşəbbüs Qrupuna Q.İbadoğlu, partiya daxilində fraskiya yaradılması ilə bağlı Təşəbbüs Qrupuna T.Abbaslı rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi