“Oğlumun itkin düşməsindən 31 ildən çox vaxt keçmişdi. Onu sağ görəcəyimə, yaxud meyitinin tapılacağına, taleyi barədə dəqiq məlumat alacağıma ümidimi itirmişdim”.
Bunu “Report”un Yuxarı Şirvan bürosuna açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş və 31 ildən sonra meyiti tapılan Baba Mikayılovun anası Mələksima Mikayılova bildirib.
O söyləyib ki, bir ana üçün övlad itirmək çox ağır dərddir, övladın itkin düşməsi, taleyinin bilinməməsi, məzarının olmaması isə heç vaxt sağalmayan yara, çəkilməsi mümkün olmayan dərddir.
“Həyat yoldaşım həmişə mənə deyirdi ki, ömrümə çox az qalıb, Babanın taleyi barədə heç bir şey bilmədən, övladımızın nisgili ilə bu dünyadan köçəcəm, amma sən sağkən oğlumuz sonrakı taleyi barədə, öldüyünü, yoxsa sağ olduğunu biləcəksən. Bu, məlumat mütləq gələcək”, - 31 il gözləri övlad yolunda olan ana bildirib.
M.Mikayılova deyib ki, oğlunu tez-tez yuxuda görürmüş: “Hətta bir ara Babanın sağ olduğu barədə ümid yaranmışdı. 31 ildir oğlumdan bir xəbər gözləyirdik. Bu illər ərzində getmədiyimiz yer, döymədiyimiz qapı qalmamışdı.
Oğlumun meyitinin qalıqlarının tapılması barədə xəbəri eşidəndə həyəcandan özümü itirdim, həyat yoldaşımın sözü yadıma düşdü. Dedim ki, bu Allahın möcüzəsidir”.
O qeyd edib ki, 9 övladı olub, Baba onlardan 7-cisidir: “Allah heç bir valideynə övlad itkisi yaşatmasın. Bu illər ərzində çox əziyyətlər çəkmişəm. Həyat yoldaşım oğlumun həsrətinə dözmədi və 2001-ci ildə 69 yaşında dünyasını dəyişdi. Artıq indi mənim gözüm yollardan çəkilib. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısının siyasəti nəticəsində işğal altındakı torpaqlarımız, o cümlədən oğlum Babanın itkin düşdüyü Daşaltı kəndi düşmən tapdağından azad olundu, övladımın taleyinə aydınlıq gətirildi. Allah Prezidentimizə kömək olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində 31 illik övlad həsrətimə son qoyuldu. İndi heç olmasa bir məzarı var, gedib üstündə ağlayıb təsəlli tapacam”.
Qeyd edək ki, Mikayılov Baba Balakişi oğlu 1969-cu il sentyabrın 22-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.
1992-ci ilin yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb.
Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.
Ekspertiza zamanı meyit qalıqlarından birinin B.Mikayılova məxsus olduğu təsdiqlənib.
Şəhid avqustun 23-də Şamaxı rayonunun Göylər kəndinin qəbiristanlığında dəfn olunub.