COP29-un Təşkilat Komitəsinin tərkibinin gender bərabərliyi əsasında formalaşdırılması vacib və təqdirəlayiq qərardır.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O, vurğulayıb ki, Azərbaycanın bu cür önəmli və böyük tədbirə ev sahibliyi etməsinin özü tarixi əhəmiyyətli məsələdir:
“Ölkəmiz böyük bir tədbirə ev sahibliyi etməyə hazırlaşır və proses bütün dünya ölkələri tərəfindən xüsusi diqqətlə izlənilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda yüksək səviyyədə keçiriləcək. COP29 tədbirinin artıq Təşkilat Komitəsi formalaşdırılıb. Komitənin tərkibində qadınların və kişilərin bərabər səviyyədə yer alması, gender nisbətinin saxlanması da təqdirəlayiq addım kimi qiymətləndirilir”.
C. Məmmədov vurğulayıb ki, dünya siyasətində gender problemi geniş şəkildə müzakirə edilir, diqqət çəkir:
“Qadınların xüsusilə sosial-siyasi məsələlərdə önə çıxarılması, onların fikirlərinin nəzərə alınması alqışlanır. Azərbaycan da bu tədbiri beynəlxalq standartlara uyğun keçmək istədiyindən, gender bərabərliyinin qorunmasına da xüsusi diqqət edir. COP29-un Təşkilat Komitəsində böyük bir heyət, işçi qrup fəaliyyət göstərir. Dövlətimizin bu məsələyə ciddi önəm verməsi və həssaslıqla, diqqətlə yanaşması COP29-un uğurla başa çatdırılacağına əminlik yaradır. Azərbaycan tədbiri ən yüksək səviyyədə keçirəcək və bütün məqsədlərə nail olacaq”.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Bakıda bu il keçiriləcək.