“Çiyələkli kənd” və bağbanların sənət əsəri, mövsümə hökm edən yerli göycə - Naxçıvandan REPORTAJ

“Çiyələkli kənd” və bağbanların sənət əsəri, mövsümə hökm edən yerli göycə - Naxçıvandan REPORTAJ Naxçıvanı məşhurlaşdıran min bir nemət sırasında çiyələk və göycənin xüsusi yer tutduğu mübahisə doğurmur. Hətta geniş yayılan deyimə görə, muxtar respublikanın ən dadlı, ən keyfiyyətli çiyələyi məhz Babək rayonunun Zeynəddin kəndində yetişdirilir. Kənd ə
Daxili siyasət
29 May , 2024 12:44
“Çiyələkli kənd” və bağbanların sənət əsəri, mövsümə hökm edən yerli göycə - Naxçıvandan REPORTAJ

Naxçıvanı məşhurlaşdıran min bir nemət sırasında çiyələk və göycənin xüsusi yer tutduğu mübahisə doğurmur. Hətta geniş yayılan deyimə görə, muxtar respublikanın ən dadlı, ən keyfiyyətli çiyələyi məhz Babək rayonunun Zeynəddin kəndində yetişdirilir. Kənd əhalisinin əksəriyyəti elə bu işlə məşğul olur. O baxımdan, Zeynəddinin “çiyələkli kənd” adlandırılması da təsadüfi deyil.

Zeynəddində çiyələk sahəsinin olmadığı həyət tapmaq çətindir. Kənddə az qala hər kəsin əsas məşğuliyyəti çiyələk yetişdirməkdir. Sakinlər bu giləmeyvəni həm çöl, həm də həyətyanı sahələrdə becərirlər.

Təsərrüfatçı Vətən Abbasov deyir ki, Zeynəddin kəndində 800 təsərrüfatın əksəriyyətində çiyələk yetişdirilir:

“Bizim kəndin havası, ümumiyyətlə, Naxçıvanın iqlimi yerli çiyələyə çox üstün dad verir. Yetişdirilən məhsul Günəşi çox görməli və havası saf olmalıdır ki, çiyələk dadlansın. Bir də bizim torpağımız minerallarla zəngindir, kimyəvi yox, əsasən, orqanik gübrələrdən istifadə edirik. Ona görə də məhsulumuz belə dadlı olur. Odur ki, dadına, görünüşünə və keyfiyyətinə görə digər bölgələrin çiyələyindən fərqlənir”.

Məhsulun alıcısı da elə başının üstündədir. Sakinlər yetişdirdikləri çiyələyi satmaq üçün məhsulu heç də həmişə bazara aparmaq məcburiyyətində qalmırlar. V.Abbasov bildirib ki, bəzi alıcılar məhz özləri çiyələyi koldan yığıb toplamaq istəyirlər. Maraqlıdır ki, belə adamlar bunun üçün məhsulun bir kiloqramına beş deyil, altı manat ödəməyə özləri təkid edirlər.

Bununla belə, məhsulun bol olması üçün həm də ona düzgün qulluq lazımdır. Buna görə aprelin əvvəllərindən çiyələk ləklərinə vaxtlı-vaxtında su verilir, dibləri alaq otlarından təmizlənir. Yığım isə may ayının ilk günlərindən başlayır və ayın sonuna kimi davam edir. İkinci yığım artıq avqust, sentyabr aylarında başlayır.

Naxçıvanın ən sevilən nübar meyvələrindən biri də əlbəttə ki göycədir. Bu meyvə bağbanların müxtəlif alça sortlarını calaq etmələri nəticəsində əmələ gəlib. Yəni əvvəlcə alça ağacı əkilir, sonra göycənin budağından ona calaq vurulur, ikinci, yaxud üçüncü il artıq ağac bar verir.

Vətəni Naxçıvan sayılan göycə burada ta qədimlərdən becərilir. Daşıdığı göycə adı göyümtül-yaşıl, yeni, təzə mənalarını ifadə edir.

Artıq 50 ildir, göycə yetişdirən Yaqub Həsənov deyir ki, göycəni qüvvətli və yumşaq torpaqlarda əkmək lazımdır. Çünki bu meyvə çox çınqıllı, daşlı və həddən artıq bərk, gilli torpaqları sevmir. Belə torpaqlarda göycə mütləq alçaya calanmalıdır. Yaxşı məhsul üçün ağaclara da normal qulluq göstərilməlidir.

Y.Həsənov bildirib ki, özünə, uşaqlarına, nəvələrinə necə baxırsa, ağaclara da elə baxır:

“Hər gecə bağı iki-üç dəfə dolaşıram. Ağacların yanından keçəndə, elə bil, hansının nə dərdi var, mənə danışır. Səhər oyanan kimi də ağacların qulluğunda dururam. Əgər belə olmasa, o da sənin qulluğunda durmaz”.

Göycənin yeməli vaxtı may ayının ortalarıdır. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyulun axırında və avqustun əvvəlində isə tam yetişir. Həmsöhbətimiz vurğulayıb ki, may və iyun ayları göycənin ən dadlı, ən yeyilməli vaxtlarıdır.

Naxçıvanda göycə xüsusi qulluq tələb etməsə də, onun suvarılması ciddi məsələdir. Yəni quraq iqlimdə göycə bağları lazımi qədər suvarılmadıqda, meyvələri keyfiyyətsiz olur. Odur ki, meyvələr yetişənə qədər göycəni 5-6 dəfə suvarırlar. Lakin son günlər ölkənin bir sıra bölgələrinə, o cümlədən, Naxçıvana yağan dolu meyvələrə də ziyan vurub.

Maraqlı məqamlardan biri də budur ki, bəzən göycə ilə alça səhv salınır. Ancaq bilmək lazımdır ki, alça göycəyə nisbətən daha gec yetişir. Eyni zamanda, alça yetişdikdə, qırmızı rəngdə olur, lakin göycə yetişdiyi halda belə göy rəngini itirmir. Şirinliyi və sululuğu da göycəni alçadan fərqləndirən əsas cəhətlərdəndir.

Naxçıvan göycəsi hazırda Azərbaycanın digər bölgələrinə yayılsa da, bu regionda, xüsusilə, Araz su anbarı vadisində becərilən göycənin dadı, keyfiyyəti xüsusi seçilir. Elə Naxçıvanın torpaq-iqlim şəraiti də bu sortun tez böyüməsi və bol məhsul verməsi üçün olduqca əlverişlidir.

Göycə yetişməmiş halda daha çox istehlak edildiyindən, həmin dövrdə məhsula tələbat də çoxalır, bazarda qiyməti artır, satışdan böyük gəlir əldə olunur. Yığılmamış yetkin meyvələrdən isə kompot, cem və lavaşa hazırlanır. Göycənin yaxşı qurudulmuş yetkin meyvəsi də öz dadı ilə fərqlənir.

Son xəbərlər

Orphus sistemi