Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycanda məhkəmə hakimlərinin sayının az olması ilə bağlı iddialara münasibət bildirib.
Ç.Əsgərov "Report"a açıqlamasında deyib ki, hakimlərin sayının artırılması istiqamətində ardıcıl olaraq işlər həyata keçirilir.
"Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi prosesi aparılır. Hər il məhkəmələrə yeni hakimlər təyin olunur. Bu proses də Avropa dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Demək olar ki, hər il məhkəmələrə 30 yeni hakim təyin edilir. Bununla da hakimlərin qıtlığı problemi tədricən aradan qaldırılır", - o vurğulayıb.
Çingiz Əsgərov həmçinin vurğulayıb ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də islahatlar aparılır: "Həmin islahatlar nəticəsində isə çox müsbət dəyişikliklər baş verir".
Onun sözlərinə görə, aparılan islahatlar nəticəsində insanlara göstərilən hüquqi yardımın keyfiyyəti daha da artırılacaq: "Bundan əlavə, vəkillərin peşəkarlıq səviyyəsi də artırılacaq. Bununla bağlı çoxlu islahatlar həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı üçündür".