“Gələcəkdə Azərbaycana gələrək sığınacaq axtaranların sayı artacaq. Ona görə də dövlət orqanları bu prosesə hazır olmalıdırlar. Çünki bu kimi məsələləri onlar həll etməli olacaqlar”.
“Report”un xəbərinə görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.
O xatırladıb ki, keçən il Azərbaycanda inzibati məhkəmələrin yaradılmasından 10 il ötüb: “Bu məhkəmələrin yaradılması çox düzgün addımdır”.
Ali Məhkəmənin sədr müavini bildirib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar uğurlu nəticələrə gətirib çıxarıb: “Bütün sahələrdə aparılan islahatlar Azərbaycanın iqtisadiyyatını gücləndirib”.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində qazanılan qələbə Azərbaycanın dünyada nüfuzunu artırıb: “Bu da ona rəvac verir ki, digər ölkələrin vətəndaşları, o cümlədən sığınacaq axtaran şəxslər də Azərbaycanda yaşamaq istəyəcəklər. Azərbaycan həmişə beynəlxalq öhdəliklərini yerinə yetirib və bundan sonra da yerinə yetirəcək”.