Ötən dövr ərzində Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında olan 1495 məhkum məhkəmələr tərəfindən cəza çəkməkdən azad edilib, 211 şəxsin isə cəza müddəti azaldılıb.
Bunu "Report"a müsahibəsi zamanı Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov deyib.
Onun sözlərinə görə, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 5 noyabr tarixli Qərarının mütəşəkkil və yüksək səviyyədə icra olunması məqsədilə Probasiya Xidməti tərəfindən əməli tədbirlər görülmüş, probasiya qurumlarının qeydiyyatında olan 6600-dən çox məhkuma amnistiya aktı tətbiq olunub.
"Ulu Öndərin humanizm siyasətini uğurla davam etdirən ölkə Prezidenti tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 08.05.2023-cü il tarixdə Əfv Sərəncamı imzalanıb. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 118 nəfəri əhatə edən bu humanist sərəncamla şərti məhkum edilmiş 2, cəzasının çəkilməsi təxirə salınmış 3, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18, islah işləri cəzası üzrə 2, cərimə cəzası üzrə 88 məhkum cəzadan azad edilmiş, 5 nəfərin isə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 may 2022-ci il tarixli Sərəncamı Sərəncamına əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 6 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron nəzarət vasitələri dərhal çıxarılmış, həmçinin şərti məhkum olunmuş 3 nəfər cəzadan azad olunub", - ədliyyə müşaviri qeyd edib.
Müsahibənin tam versiyası ilə buradan tanış olmaq olar.