​Çevik Polis Alayının komandiri: “Kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb”

​Çevik Polis Alayının komandiri: “Kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb” Nazir Ramil Usubov tərəfindən mükafatlar təltif edilənlərə təqdim olunub
Daxili siyasət
12 Yanvar , 2016 18:06
​Çevik Polis Alayının komandiri: “Kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb”

Bakı. 12 yanvar. REPORT.AZ/ Yanvarın 12-də Əlahiddə Çevik Polis Alayında 2015-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə daxili işlər naziri general-polkovnik Ramil Usubov iştirak edib.

Əməliyyat müşavirəsini açan nazir Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ötən ilin bütövlükdə ölkə üçün uğurlu olduğunu, beynəlxalq imicinin daha da yüksəldiyini, insan hüquq və azadlıqlarının etibarlı qorunduğunu, bunun daxili işlər orqanlarının fəaliyyətinə də müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

Nazir cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər Əlahiddə Çevik Polis Alayının peşəkarlıq, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin xeyli artdığını, qanunla qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrildiyini, respublikada, onun paytaxtında ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində önəmli rol oynadığını, bunun nəticəsi olaraq, keçirilmiş bir çox beynəlxalq və ölkədaxili tədbirlər zamanı ictimai asayişin yüksək səviyyədə qorunduğunu, görülən işlərdə, qazanılan uğurlarda Əlahiddə Çevik Polis Alayının da böyük əməyi olduğunu qeyd edib.

Ötən ildə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Əlahiddə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, hesabat dövründə Alayın patrul bölüklərinin xidmət apardığı paytaxtın inzibati ərazilərində cinayətlərin dinamikasında və strukturunda müsbət təmayüllər qeydə alınıb, kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi ilə birgə razılaşdırılmış vahid dislokasiya planına uyğun həyata keçirilən tədbirlər çərçivəsində 27564 şəxs, o cümlədən müxtəlif cinayətlər törətmiş 835, inzibati xətalara yol vermiş 26729 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib. Həmin şəxslərdən 86-ı axtarışda olanlar, 243-ü xuliqanlıq, 81-i dələduzluq, 103-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 245-i oğurluq, 26-ı soyğunçuluq və s. cinayətləri törətdiklərinə görə saxlanılanlardır. Eyni zamanda, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş 5.803, o cümlədən 2399 piyada, məişət səs-küyünə yol vermiş 2173, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 3115, digər inzibati xətalara görə 13239 nəfər müəyyən edilərək rayon polis idarələrinin aidiyyatı polis bölmələrinə təhvil verilib.

Cari ilin may ayında Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı xilasetmə işlərinə və hadisə yerinin mühafizəsinə cəlb olunmuş DİN-in digər qrumları ilə yanaşı, Alayın əməkdaşları da xidməti vəzifələrin öhdəsindən layiqincə və mərdliklə gəliblər. Yanan binada köməksiz vəziyyətə düşmüş 4 nəfəri xilas edərək xəsarət almış polis serjantı Şahin Qocayev ölkə Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edilib ki, daxili işlər orqanları üzrə təşkil olunan idman yarışlarında əldə edilən uğurlar ötən il də davam etdirilib. Belə ki, xidməti idman tədbirlərinin təqvim planına əsasən keçirilən sərbəst güləş, silahsız özünümüdafiə, xidməti çoxnövçülük və estafet qaçışı üzrə yarışlarda Alayın komandası birinci yer tutub. Bununla yanaşı, polis serjantı İbrahim Məmmədov İtaliyada kiqboksinq üzrə keçirilən dünya çempionatında və Bakı şəhərində muaytay üzrə beynəlxalq turnirdə birinci yerə layiq görülüb, kiqboksinq üzrə dünya kəməri uğrunda gedən yarışlarda çempion adını qazanıb. Karatenin şotokan növü üzrə Gürcüstanda keçirilən dünya çempionatında polis nəfəri Səbuhi Şükürov ən yüksək pilləni tutub.

Alayın əməkdaşlarının vətənpərvərlik ruhunda tərbiyə olunması və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində tədbirlər də davamlı olub, gənc əməkdaşların xidmətdə möhkəmlənməsi, praktiki iş vərdişlərinə tam yiyələnmələri üçün lazımi şərait yaradılıb. Yeri gəlmişkən, bu gün Alayın zabit heyətinin 90 faizi ali hüquq təhsillidir.

Bildirilib ki, ötən il ölkəmizdə keçirilən ilk Avropa Oyunları zamanı da şəxsi heyət asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi funksiyalarını layiqincə yerinə yetirib, avqust ayında Mingəçevir şəhərində asayişin qrup halında pozulmasının qarşısının alınmasında fəal iştirak edib.

Ötən ilin sonlarında paytaxtın Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyatlardan sonra Alayın əməkdaşları cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirlərinə qüvvə dəstəyinin verilməsində də öz səylərini əsirgəməyiblər.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları ilə birgə həyata keçirilən tədbirlərlə 5 avtomat, 6 tüfəng, 3 tapança, 22 qumbara, 368 patron, 16 “Molotov kokteyli”, 1 partlayıcı qurğu, 2 qutu barıt, 7 qutu alışdırıcı patron, 8 ədəd müxtəlif növ soyuq silah, 1 beşbarmaq, 300 qramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Qeyd olunub ki, ümumən xalqa xidmət funksiyalarının səmərəli yerinə yetirilməsi, insan hüquq və azadlıqlarına ciddi riayət olunması, əməkdaşlara diqqət və qayğı gösstərilməsi, peşə və döyüş hazırlığı səviyyəsssinin durmadan yüksəldilməsi kimi qarşıda duran vəzifələrin uğurlu həlli üçün lazımi tədbirlər görülməkdədir.

Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətinın yekunlarını müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıb.

General-polkovnik Ramil Usubov Alay rəhbərliyindən əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işini ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüskarlıq göstərilməsini, eyni zamanda, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsini, lazımi təhlillər aparılmaqla qüvvə və vasitələrin yerləşdirilməsi planına korrektələr edilməsini tələb edib. O bildirib ki, Bakı şəhərində ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası diqqət mərkəzində olmalı, ictimai təhlükəsizlik əleyhinə olan digər cinayətlərin qarşısının alınması üzrə tədbirlər daha da gücləndirilməli, insanların daha çox toplaşdığı və digər izdihamlı yerlərdə xidmət aparan post-patrul naryadları daim ayıq-sayıq olmalı, şəxsi heyətin peşə hazırlığı daha da artırılmalıdır. Qeyd olunub ki, əməkdaşlar qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən bilməli, eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməlidir.

Bu gün xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bütün lazımi şərait yaradıldığını, şəxsi heyətin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu nəzərə çatdıran nazir dövlət başçısının daxili işlər orqanlarına olan böyük etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin, Vətənə və xalqa ləyaqətlə xidmət etməsinin vacibliyini vurğulayıb.

Daxili işlər naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.

Tədbirin sonunda nazirliyin Baş Kadrlar İdarəsinin rəis müavini, polis polovniki Səfər Əliyev ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın mükafatlandırılması barədə daxili işlər nazirinin müvafiq əmrini elan edib. Nazir R.Usubov tərəfindən mükafatlar təltif edilənlərə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi