"Cənubi Qafqazda Ermənistan adlı bir dövlət heç bir zaman olmayıb" - RƏY

"Cənubi Qafqazda Ermənistan adlı bir dövlət heç bir zaman olmayıb" - RƏY XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçir
Daxili siyasət
6 Yanvar , 2023 15:42
Cənubi Qafqazda Ermənistan adlı bir dövlət heç bir zaman olmayıb - RƏY

XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.

Məsələ ilə bağlı “Report”a açıqlama verən Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirib ki, bugünkü Ermənistan özünün bir dövlət olaraq yerləşməsinə görə, Osmanlı dövlətinə və Azərbaycan xalqına minnətdar olmalıdır:

“Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündəki nitqi bir çox məsələlər baxımından böyük strateji əhəmiyyət daşıyır. Hər şeydən əvvəl görüşün keçirildiyi bina bundan öncə məcburi köçkünlərimizin cəmiyyətlərinin, təşkilatlarının yerləşdiyi bina olub. Belə bir görüşün orada keçirilməsi göstərir ki, daha öncə həmin binada yerləşənlər artıq qaçqın deyillər, torpaqlarımız azad edilib və azərbaycanlılar planlı şəkildə öz dədə-baba torpaqlarına qayıdırlar. Bu baxımdan görüşdə cənab Prezidentin söylədiyi nitq tarixi əhəmiyyət kəsb edir”.

Bütün arxiv sənədlərinin ermənilərin Cənubi Qafqazda aborigen olmadıqlarını sübut etdiyini deyən professor xatırladıb ki, ermənilər Çar Rusiyasının bəlli məqsədləri naminə xarici ölkələrdən köçürülərək Azərbaycan torpaqlarına yerləşdiriliblər:

“Bu köçürülmə Çar Rusiyasının rəsmi dövlət orqanlarının sənədlərində də öz əksini tapıb və həmin arxiv sənədlərini azərbaycanlılar tərtib etməyib. Ermənilər əzəli Azərbaycan torpaqlarına yerləşdikdən sonra varlanaraq terror-siyasi təşkilatları qurub, böhranlı anlarda azərbaycanlıları dədə-baba torpaqlarından sıxışdırıblar. XIX əsrin sonlarında İrəvanda bazar meydanında qarşıdurma olub və daha sonra 1905-1906-cı illərdə erməni terror-siyasi təşkilatları kütləvi şəkildə azərbaycanlıları qətlə yetirib, soydaşlarımızı ev-eşiklərindən didərgin salıblar. Bunda başlıca məqsəd uydurma, tarixdə heç bir zaman olmayan "böyük Ermənistan" qurmaq üçün atılan addımlar olub”.

Onun sözlərinə görə, erməni terror-siyasi təşkilatları Birinci Dünya Müharibəsi illərində kütləvi şəkildə əvvəlcə Şərqi Anadoluda, sonra Cənubi Azərbaycanda, Cənubi Qafqazda İrəvan, Tiflis quberniyalarında və indiki Azərbaycan Respublikasının müxtəlif yerlərində dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər:

“Bu qətliamların ən dəhşətlisi isə 1918-ci ildə Bakı və Abşeron yarmadası və digər bir sıra rayonlarımızda həyata keçirilən soyqırımları olub. Ermənistanın azərbaycanlılara törətdiyi kütləvi soyqırımlarının böyük bir mərhələsini 1918-1920-ci illərdə daşnak Ermənistanının siyasəti təşkil edir. Cənubi Qafqazda Ermənistan adlı bir dövlət heç bir zaman olmayıb. Yalnız 1918-ci ildə yaranmış şəraitdə Azərbaycan, türk torpaqlarında Ararat Respublikası yaradılıb. Azərbaycan İrəvan şəhərini Ermənistana paytaxt olaraq güzəştə gedib ki, bunun da rəsmi sənədləri mövcuddur”.

Daşnak Ermənistanında azərbaycanlılara qarşı soyqırımı siyasətinin dövlət səviyyəsinə qaldırıldığını deyən alim bildirib ki, bu məsələ ilə əlaqədar da konkret arxiv sənədləri var:

“Həmin sənədləri də azərbaycanlılar tərtib etməyiblər. Eyni zamanda törədilən kütləvi qırğınlarla bağlı xeyi fotoşəkillər var. Erməni terror-siyasi təşkilatlarının fəaliyyətinə dair fotoşəkillərin bir qismini Moskvada Krasnoqorsk Foto-Kino Sənədlər Arxivindən və Tbilisidəki arxivlərdən toplayaraq gətirmişəm. Onların törətdikləri qırğınlara dair ABŞ Milli Arxiv və Hesabatlar İdarəsində də sənədlər mövcuddur. Beləliklə, yaranarkən ərazisi təxminən 9 min kvadratkilometr olan Ermənistan ərazisini kütləvi qırğınlar və işğallar hesabına genişləndirib. Sovet dövründə Azərbaycan əraziləri planlı şəkildə əvvəlcə Ermənistanla mübahisəli elan edilib, sonra isə Ermənistana verilib. 1920-ci il dekabrın 1-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun bəyanatı ilə Zəngəzurun Ermənistana verildiyi elan edilib, sonradan isə Zəngəzur iki hissəyə bölünərək onun qərbi Ermənistana verilib. Bununla da Naxçıvanla Azərbaycanın digər əraziləri arasında quru əlaqəsi kəsilib, Türkiyə isə türk dünyasından ayrı düşüb”.

“Zəngəzurdan qovulan qaçqınların geri qaytarılmasına dair edilən müraciətlər Ermənistan SSR hökuməti tərəfindən rədd edilib. Sözügedən məsələ ilə əlaqədar da arxiv sənədləri var və bu məsələləri Bakıda, Moskvada, Ankarada çap olunan kitablarımda da yazmışam. Ermənistan rəhbərliyi bildirib ki, Zəngəzurdan olan qaçqınları geri qaytarmaq mümkün deyil. Çünki boş, sərbəst torpaq fondu yoxdur və qaçqın azərbaycanlıların evlərinə xaricdən gələn ermənilər yerləşdirilib. Sovet dövründə rejim, sistem fərqli olsa da, hakimiyyətdə olanlar daşnak siyasətini davam etdiriblər. Bu siyasət öz əksini azərbaycanlıların sıxışdırılmasında, yaşayış yerlərinin adlarının dəyişdirilməsində və deportasiyada tapıb. Azərbaycanlıların yaşayış yerlərinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə olub. Bu fərmanlarla tanış olmaq üçün Ermənistan rəsmiləri və alimlərinin Ermənistan SSR Ali Sovetinin sənədlərinə baxması kifayətdir. Hansı ki, həmin fərmanlar kitabçalar şəkildə çap edilib”.

Son xəbərlər

Orphus sistemi