Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, R. Cəlilov 1963-cü il 13 yanvar tarixində anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. Özəl sektorda, Xəzər Dəniz Gəmiçilik İdarəsində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
Prezident İlham Əliyevin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib. Dövlət başçısının 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.
Daha sonra isə Azərbaycan Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib. Prezident İlham Əliyevin bu ilin sentyabrın 14-də imzaladığı digər sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.
Ailəlidir, 3 övladı var.