Yuxarı

Firudin Nəbiyev: "Bütün sahələrdə əldə olunan nailiyyətlər Azərbaycanı əcnəbilər üçün cəlbedici edir"

Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Bakı. 21 may. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin(DMX) rəisi Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb. DMX-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçıları arasındakı dostluq münasibətləri, qarşılıqlı rəsmi səfərlər ölkələrimiz arasında uğurlu əməkdaşlıq nümunəsidir.

DMX-nın rəisi işğal etdiyi ərazilərimizdə erməni əsilli miqrantları qanunsuz şəkildə məskunlaşdıran Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Türkiyənin hər zaman Azərbaycanın haqq işini dəstəkləməsini minnətdarlıq hissi ilə qeyd edib.

Firudin Nəbiyev beynəlxalaq aləmdə Azərbaycanın artan nüfuzundan danışıb: ""Bakı 2015" birinci Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi, Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin həyata keçirilməməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin siyasi, iqtisadi gücünün göstəricisidir".

Son illər həyata keçirilən transmilli layihələrdən söhbət açan Xidmət rəisi buna misal kimi, Cənub Qaz Dəhlizini, TANAP-ı, TAP-ı qeyd edib. Böyük İpək yolunun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasını vurğulayıb.

DMX rəisi diqqətə çatdırıb ki, bütün sahələrdə əldə olunan nailiyyətlər regionun lider dövləti olan Azərbaycanı əcnəbilər üçün cəlbedici edir. Ölkəmizə səfər edənlər, təhsil alanlar, sahibkar kimi çalışanlar, qanunamüvafiq şəkildə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olanlar arasında Türkiyə vətəndaşları da çoxluq təşkil edir. Xidmət rəisi respublikamıza təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunmasının daim diqqət mərkəzində olduğundan, rahatlıqlarının təmin edilməsi üçün miqrasiya qanunvericiliyində müvafiq prosedurların sadələşdirilməsindən söhbət açıb.

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun son illər Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsinin yarandığından, aparılan abadlıq-quruculuq işlərindən, Türkiyə vətəndaşlarının respublikamıza artan marağından danışıb. Səfir təmsil etdiyi ölkə vətəndaşlarının Xidmətin göstərdiyi xidmətlərdən məmnunluq ifadə etdiklərini bildirib.

Görüşdə gələcəkdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi