"Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı bir il ərzində göstərdik: "Ermənilər bütün şəhərlərimizi yerlə-yeksan etdilər. Bu yerlərə səfər edən Azərbaycan vətəndaşları, xarici vətəndaşlar gedirlər, məəttəl qalırlar, dəhşətə gəlirlər ki, bu dərəcədə vandallıq ola bilərmi? Bu dərəcədə nifrət ola bilərmi? Bu dərəcədə barbarlıq ola bilərmi? Bunu işğal dövründə ermənilər törədiblər. Bütün binaları sökərək, talayaraq, hətta qəbir daşlarını Ermənistana apararaq bu vəhşiliyi törətdilər. Biz isə müharibə dövründə müharibə qanunlarına riayət etdik, müharibə qanunlarını pozmadıq, özümüzü ləyaqətlə apardıq, necə ki, həyatda və siyasətdə özümüzü ləyaqətlə aparırıq".