Bu il Naxçıvanda 48 subartezian quyusu qazılacaq

Daxili siyasət
  • 10 aprel, 2023
  • 15:27
Bu il Naxçıvanda 48 subartezian quyusu qazılacaq

Bu il Naxçıvanda 48 subartezian quyusu qazılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, son illər yağıntıların azalması yeraltı suların ümumi səviyyəsinin aşağı düşməsi ilə nəticələnib. Bu da subartezian quyularından istifadəni daha da genişləndirməyi şərtləndirir.

Hazırda Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında 932 subartezian quyusu var. Bu hidrotexniki qurğular əkin və həyətyanı torpaq sahələrinin su təminatının ödənilməsi ilə yanaşı, bir sıra yaşayış məntəqələrində sakinlərin içməli su ehtiyacının ödənilməsində də əsas paya malikdir.

Qeyd edək ki, artan tələbat nəzərə alınaraq bu ildən muxtar respublikada subartezian quyularının qazılması sahəsində işlər daha da genişləndirilib. Bu məqsədlə müvafiq ərazilərdə monitorinqlər və digər texniki yoxlamalar aparılıb və qazılacaq quyuların yerləri müəyyənləşdirilib və qazma işlərinə başlanılıb.

Artıq Culfa rayonunun Bənənyar kəndində subartezian quyusunun qazıntısı işləri başa çatıb və quyudan bol su çıxıb. Hazırda subartezian quyusunun montaj işləri davam etdirilir, rentabelliliyi hesablanır və ərazilərə suyun verilməsi üçün hazırlıq işləri görülür.

Bu işlərin davamı olaraq, Babək rayonunun Sirab kəndində də subartezian quyusunun qazıntısına başlanılıb.

Qazıntı işlərinə paralel olaraq mövcud subartezian quyularının təmiri işləri də davam etdirilir. Cari ildə 116 subartezian quyusu təmir edilib, 7 yeni nasos quraşdırılıb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən “Report”un yerli bürosuna bildirilib ki, 2023-2025-ci illərdə qazılıb istifadəyə verilməsi nəzərdə tutulan subartezian quyuları hesabına muxtar respublika əhalisinin suvarma və içməli su təminatı yaxşılaşdırılacaq.