Hər il iyunun 17-də bütün dünyada qeyd olunan Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü 1994-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib.
"Report" xəbər verir ki, həmin ekoloji bayramın keçirilmə tarixi Birləşmiş Millətlər Təşkilatının Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının 1994-cü il iyunun 17-də qəbul edilməsinin ildönümü ilə əlaqədar seçilib.
Konvensiya dövlətlərdən bu günün fəaliyyətini səhralaşmaya və quraqlığın nəticələrinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın zəruriliyi haqqında məlumatlılığın artırılmasına, eləcə də Səhralaşma ilə Mübarizə Konvensiyasının müddəalarının həyata keçirilməsinə həsr etməyi tələb edirdi.
Həmçinin BMT Baş Assambleyası 2010-cu ilin yanvarından 2020-ci ilin dekabrına qədər olan dövrü BMT-nin səhralara və səhralaşmaya qarşı mübarizəyə həsr olunmuş Onilliyi elan etmişdi.
Səhralaşma hazırkı dövr üçün dünyanın ən qorxulu ekoloji deqradasiya proseslərindən biridir. Yer səthinin üçdə biri deqradasiyaya uğrayıb. Bu isə bir milyarddan çox insanın sağlamlığını və yaşayışını təhdid edir.
Quraqlıq geniş yayılmış məhsul çatışmazlığı, meşə yanğınları və su qıtlığı kimi təsirlər nəticəsində insan itkisi baxımından ən dağıdıcı təbii fəlakətlərdən biridir. Quraqlıqlar torpağın deqradasiyası və iqlim dəyişikliyi ilə daha da güclənir. Belə ki, 2000-ci ilə nisbətən 29 faiz artan quraqlıq halları daha tez-tez və şiddətli formada qeydə alınır və hər il 55 milyon insana təsir edir. 2050-ci ilə qədər quraqlıqlar dünya əhalisinin təxminən dörddə üçünə təsir edə bilər.
Səhralaşma problemi beynəlxalq ekoloji təhlükəsizlik sistemi, yoxsulluğun aradan qaldırılması səyləri, sosial-iqtisadi sabitlik və davamlı inkişaf üçün ciddi nəticələrə malik qlobal və aktual dünya əhəmiyyətli problemdir. Səhralaşma və quraqlıq qida təhlükəsizliyinə təhdid olmaqla aclıq və yoxsulluğun artmasının əsas səbəbidir. Çünki nəticədə yaranan sosial, iqtisadi və siyasi gərginlik münaqişələrə, daha da yoxsullaşmaya və torpaqların deqradasiyasının artmasına səbəb ola bilər. Dünyada artan səhralaşma yeni sığınacaq və dolanışıq vasitələri axtarmağa məcbur olan yoxsulların sayını milyonlarla artırmaq təhlükəsi yaradır.
Səhralaşmanın azaldılmasına meşələrin bərpası, su ehtiyatlarının səmərəli idarə edilməsi, külək keçirməyən əkinlərdən və xüsusi qum baryerlərindən istifadə etməklə torpağın sabitləşdirilməsi, torpağın zənginləşdirilməsi və gübrələnməsi, təbii torpaq bərpası üsulları səhralaşmanın azaldılmasına kömək edə bilər.
Bu il Beynəlxalq Səhralaşmaya və Quraqlığa Qarşı Günün mövzusu “Onun torpağı. Onun hüquqları”dır. Həmin deviz qadınların torpağa və əlaqəli aktivlərə bərabər çıxışına investisiya qoymasının onların və bəşəriyyətin gələcəyinə birbaşa investisiya olduğuna diqqət çəkir. Qadınların və qızların qlobal torpaqların bərpası və quraqlığa davamlılıq səylərində ön sıralarda olmasının vaxtıdır.