Yuxarı
    Bağlamaq

    Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

    Mehriban Arif qızı Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub

    Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın doğum günüdür. 

    "Report" xəbər verir ki, Birinci vitse-prezidentin 53 yaşı tamam olur. 

    Mehriban Arif qızı Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib. 

    1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis edib. 

    2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 

    2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir.

    2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 

    2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 

    2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiyanın sədr müavinidir.

    2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 

    2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. 

    Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 

    2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib. 

    2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilib. 

    Ailəlidir, iki qızı, bir oğlu və beş nəvəsi var.

    “Heydər Əliyev” ordeni (Azərbaycan Respublikası), “Şərəf Legionu” ordeni (Fransa Respublikası), “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Heydər Əliyev Mükafatı, Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adı ilə təltif olunub.

    “Report” İnformasiya Agentliyinin kollektivi Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayır!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi