Seçkilər insidentsiz ötüşüb və beynəlxalq standartlara uyğun aparılıb.
"Report" xəbər verir ki, bunu Bosniya və Herseqovina Parlamentinin nümayəndə heyətinin rəhbəri Cemal Smajik Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, seçki prosesinin rahat keçməsi sevindiricidir: "Bu hal seçki boyu müşahidə olunub. Seçkinin demokratik mühitdə keçirilməsi o deməkdir ki, hər şey qaydalara uyğun təşkil edilib. İnanıram ki, Azərbaycan öz keçmişini qoruyub saxlamaqla parlaq gələcəyini qurmağı təmin edəcək. Əminəm ki, iki ölkə arasındakı dost münasibətləri gələcəkdə də davam edəcək".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.