Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qrupunun geniş tərkibdə iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qrupunun geniş tərkibdə iclası keçirilib Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun geniş tərkibdə növbəti iclası keçirilib.
Daxili siyasət
17 Sentyabr , 2024 16:41
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qrupunun geniş tərkibdə iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun geniş tərkibdə növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mediasiya Şurasının nümayəndələri və İşçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak ediblər.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev İşçi qrupun ötən illərdə kifayət qədər uğurlu fəaliyyət göstərdiyini, 2024-cü il üzrə əsas hədəfləri əhatə edən Yol Xəritəsinin əksər tədbirlərinin artıq icra olunub yekunlaşdığını, bu işlər çərçivəsində əldə edilmiş nailiyyətlərin müvafiq sahədə biznes mühitinə əhəmiyyətli müsbət təsir edəcəyini və özəl sektorun məmnunluğunun artmasına xidmət edəcəyini bildirib.

Ədliyyə nazirinin müavini, İşçi qrupun rəhbəri Toğrul Hüseynov İşçi qrupun fəaliyyəti nəticəsində əldə edilmiş əsas nailiyyətləri səsləndirib. Qeyd edib ki, elektron məhkəmə sisteminin inkişafı, habelə məhkəmələrin və digər orqanların qərarlarının operativ icrası və effektivliyinin artırılması istiqamətində qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üzrə işlər aparılır.

O, həmçinin mediasiyanın rəqəmsallaşdırılması, icra və məhkəmə statistikası ilə bağlı məlumatların açıqlığının təmin edilməsi məqsədi ilə təşkilati tədbirlərin görüldüyünü bildirib.

Qeyd olunub ki, İşçi qrupun və Mediasiya Şurasının birgə fəaliyyəti çərçivəsində mediasiya proseslərinin inkişaf etdirilməsi və rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Vahid Məhkəmə Portalında yaradılmış yeni funksionallıq ilə fiziki və hüquqi şəxslər üçün bütün mediasiya təşkilatları və mediatorlar barədə ətraflı məlumat əldə etmək, habelə istənilən mediatora və mediasiya təşkilatına həmin portal vasitəsilə elektron formada müraciət etmək imkanı yaradılıb. Bununla yanaşı bütün mediasiya təşkilatları “gov.az” ölkə kodlu domenlə təmin edilib.

Mübahisələrə baxılması və qərarların qəbul edilməsinin önəmi ilə yanaşı qəbul olunmuş qərarların icrasının da bir o qədər əhəmiyyət daşıdığı səsləndirilərək beynəlxalq mediasiya barışıq sazişlərinin tanınması və icrası məqsədilə Sinqapur Konvensiyası kimi tanınan “Mediasiya vasitəsilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə BMT Konvensiyası”nın müzakirəsi üzrə işlərə başlanıldığı bildirilib.

Tədbirdə mübahisələrin həllinin ən rahat və çevik həll yollarından olan arbitraj proseslərinin tənzimlənməsi sahəsində ən son yeniliklər səsləndirilib.

İclasda, həmçinin Vahid Məhkəmə Portalı üzrə yaradılmış yeni funksional imkanlar təqdim olunub. Geniş auditoriyanın məhkəmə statistikası sahəsində məlumatlara əlçatanlığının təmin edilməsi məqsədi ilə Portalın “Məhkəmə statistikası” bölməsinin yeniləndiyi, burada məhkəmələr tərəfindən icraata daxil olmuş və həll olunmuş müxtəlif kateqoriyalı kommersiya işlərinin sayı, bitmə əmsalı (clearance rate) və işlərə baxılma müddəti (disposition time) barədə hər bir məhkəmə üzrə müvafiq illəri (rübləri) əhatə edən statistik məlumatlar yerləşdirildiyi qeyd olunub.

İcra sahəsində statistikanın açıqlığınin təmin edilməsi məqsədilə icra sənədləri üzrə icra icraatlarının orta müddəti, orta xərcləri və həll olunması vəziyyətini əhatə edən statistik məlumatların Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində “Hesabatlar” başlığı altında (https://justice.gov.az/categories/2137) yerləşdirildiyi bildirilib.

Tədbirdə, həmçinin “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada aparılan məhkəmə icraatı üzrə hazırkı vəziyyət, istifadəçi məmnunluğu və qarşıda duran vəzifələr müzakirə olunub.

Bununla yanaşı İşçi qrupun 2024-cü il üzrə əsas hədəflərini əhatə edən yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti, hazırlanmış layihələr və görülmüş işlər səsləndirilib.

Bildirilib ki, Yol Xəritəsinin icrası çərçivəsində mübahisələrin həlli, icra və məhkəmə sistemi ilə bağlı bir sıra yenilikləri əhatə edən mühüm layihələr hazırlanaraq Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyaya təqdim olunub.
Tədbir iclas iştirakçılarının çıxışları və İşçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi