Biznes mübahisələrinin həllinə dair Yol Xəritəsinin layihəsi müzakirə edilib

Biznes mübahisələrinin həllinə dair Yol Xəritəsinin layihəsi müzakirə edilib Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin layihəsi müzakirə olunub.
Daxili siyasət
17 May , 2024 16:17
Biznes mübahisələrinin həllinə dair Yol Xəritəsinin layihəsi müzakirə edilib

Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin layihəsi müzakirə olunub.

"Report" xəbər verir ki, toplantıda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, işçi qrupunun rəhbəri, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Məhkəmə-Hüquq Şurası, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Mediasiya Şurasının nümayəndələri, həmçinin özəl sektorun təmsilçiləri iştirak ediblər.

İclasda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupu Komissiyanın əsas işçi qruplarından biridir. O, işçi qrupunun ötən illərdəki fəaliyyətində kifayət qədər nailiyyətlərin olduğunu, yol xəritələrinin, əsasən, qanunvericilik aspektindən uğurla icra olunduğunu bildirib.

İşçi qrupunun rəhbəri, Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü Toğrul Hüseynov isə işçi qrupunun fəaliyyətində ən son islahatlar, əldə edilmiş nailiyyətlər və qarşıda duran işlər barədə məlumat verib.

O vurğulayıb ki, 2023-cü ildə elektron məhkəmə sisteminin tətbiqi zamanı dövlət rüsumunda 10 faiz güzəşt olunması ədliyyə-məhkəmə sahəsində ən böyük uğurlardan biridir:

"Bizim əsas məqsədlərimizdən biri də vətəndaş cəmiyyətinin dövlət orqanlarında keçirilən dəyirmi masalarda, qanunların müzakirəsində iştirakının artırılmasıdır. Mübahisələrin həllində dövlət və özəl müəssisələrin birgə fəaliyyəti mühümdür".

İclasda həmçinin Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Mübahisələrin həlli" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin layihəsi təqdim olunub, bu sənəd ətrafında fikir və təkliflər dinlənilib.

Qeyd edilib ki, layihədə məhkəmə qərarlarının icrası, bu sahədə şəffaflığın artırılması, məhkəmə sisteminin müxtəlif səviyyələrində kommersiya məhkəmə çəkişmələrinin rəqəmsallaşdırılmasının qiymətləndirilməsi, mübahisələrin alternativ həlli ilə əlaqədar xidmətlər, maarifləndirmə və təbliğat işlərinin aparılması, həmçinin digər məsələlərlə bağlı tədbirlər nəzərdə tutulub.

Tədbirdə "Mübahisələrin həlli, məhkəmə sistemi va hüququn aliliyi” işçi qrupunun yeni rəhbəri Toğrul Hüseynov iştirakçılara təqdim olunub.

Xatırladaq ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

Son xəbərlər

Orphus sistemi