Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun döyüş yoluna həsr olunmuş “Mübariz” filminin qala gecəsi keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, filmin qala gecəsində Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Qəhrəmanın atası Ağakərim İbrahimov, hüquq-mühafizə orqanlarının və idarə rəhbərləri, tanınmış rejissorlar, aktyorlar, I və II Qarabağ müharibəsi iştirakçıları iştirak edib.
AzTV-nin istehsalı olan "Mübariz" filminin baş prodüseri və ssenaristi Nicat Mənalı, quruluşçu rejissoru Natiq Novruzovdur. Film Mübariz İbrahimovun həyat və döyüş yolundan bəhs edir və Mübariz İbrahimovun şəhid olduğu ərazidə lentə alınıb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Mübarizin yalnız biləsuvarlıların deyil, qəlbi vətən eşqi ilə döyünən hər kəsin qürur yeri olduğunu bildirib və filmin rayonda nümayiş olunmasında əməyi olan hər kəsə təşəkkür edib.
Mübariz İbrahimovun atası Ağakərim İbrahimov filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.