Biləsuvarda iki şəhidin xatirə lövhələrinin açılışı olub
- 24 oktyabr, 2022
- 15:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar rayonunda şəhid Hüseynov Ziyarət Mayıl oğlu və şəhid Məmmədov Məhəmməd Bilal oğlunun xatirə lövhələrinin açılışı olub.
"Report"un Muğan bürosunun məlumatına görə, xatirə lövhələri şəhidlərin yaşadığı evə vurulub.
Mərasimdə rayon rəsmiləri, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, onların hər ikisi sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olublar.
Hüseynov Ziyarət Mayıl oğlu Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin kiçik giziri, Məmmədov Məhəmməd Bilal oğlu isə Azərbaycan ordusunun komando qüvvələrinin giziri rütbəsində xidmət ediblər. Ziyarət Hüseynov Aprel döyüşlərinin iştirakçısı olub, 44 günlük Vətən müharibəsində isə yaralanıb. Lakin müharibədən sonra yenidən hərbi xidmətini davam etdirib.
Məmmədov Məhəmməd Bilal oğlu isə 2020-ci ilin iyul ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb. 2021-ci ilin dekabr ayından isə Azərbaycan ordusunun komando qüvvələrində gizir rütbəsində çalışırdı.