Belarus səfiri Veteranlar Təşkilatının sədri ilə görüşüb

Belarus səfiri Veteranlar Təşkilatının sədri ilə görüşüb Andrey Ravkov Fatma Səttarovaya Belarus istehsalı olan simvolik hədiyyə - gəlincik təqdim edib
Daxili siyasət
21 Aprel , 2021 16:35
Belarus səfiri Veteranlar Təşkilatının sədri ilə görüşüb

Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Respublika Veteranlar Təşkilatının qonağı olub.

Təşkilatın Mətbuat xidmətindən “Report”a bildirilib ki, görüş əsnasında Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə tanış olan səfir təşkilatın muzeyinə də maraqla tamaşa edib, oradakı eksponatlar haqqında ətraflı məlumat alıb.

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən səfir Azərbaycan və Belarus xalqları arasındakı tarixi dostluq əlaqələrindən danışıb, xalqlarımızın Böyük Vətən Müharibəsində faşist işğalçılarına qarşı apardığı birgə mübarizədən bəhs edib. Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu bildirən A.Ravkov bu münasibətlərin inkişafının hər iki xalqın maraqlarına uyğun olduğunu qeyd edib.

A.Ravkov Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etdiklərini, gördükləri mənzərənin dəhşət doğurduğunu vurğulayıb.

F.Səttarova Azərbaycan və Belarus prezidentləri arasındakı dostluq münasibətlərinə diqqət çəkib və bildirib ki, iki dövlət başçısı arasındakı bu dostluq xalqlarımız üçün də nümunədir.

Daha sonra Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı apardığı mübarizəyə toxunan F.Səttarova Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusunun işğalçıları məğlub edərək torpaqlarımızdan qovduğunu, xalqımıza qələbə sevinci yaşatdığını bildirib.

C.Xəlilov Böyük Vətən Müharibəsində Belarusun müdafiəsində, o cümlədən Brest və Minsk şəhərlərinin faşist işğalından azad edilməsində azərbaycanlıların yaxından iştirak etdiyini söyləyib.

C.Xəlilov Azərbaycan və Belarus dövlətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə ciddi əməkdaşlıq etdiyini, ordumuzun arsenalında Belarus istehsalı olan texnikaların mövcud olduğunu diqqətə çatdırıb. Polkovnik qeyd edib ki, iki dövlət arasında hərbi müstəvidə əməkdaşlıq davam edir və bu əməkdaşlıq hər iki dövlətin marağına tamamilə uyğundur.

Səmimi qəbula görə Respublika Veteranlar Təşkilatının sədrinə təşəkkür edən səfir Andrey Ravkov Fatma Səttarovaya Belarus istehsalı olan simvolik hədiyyə - gəlincik təqdim edib.

Son xəbərlər

Orphus sistemi