Başqanlığa sabiq namizəd: "Müsavat rəhbərliyi rayon təşkilatları adından saxta bəyanatlar yayır"

Başqanlığa sabiq namizəd: "Müsavat rəhbərliyi rayon təşkilatları adından saxta bəyanatlar yayır" "Müsavat Partiyası rəhbərliyinin fəaliyyəti bütövlükdə saxtadır"
Daxili siyasət
11 Noyabr , 2014 16:20
Başqanlığa sabiq namizəd: Müsavat rəhbərliyi rayon təşkilatları adından saxta bəyanatlar yayır
Bakı. 11 noyabr. REPORT.AZ/ "Müsavat Partiyasının hazırkı rəhbərliyi rayon təşkilatları adından Qubad İbadoğlunun tərəfdarlarının əleyhinə bəyanatlar yayırlar. Biz bunun doğruluğuna şübhə edirdik, şübhələrimiz də öz təsdiqini tapdı".

Bunu "Report"a Müsavat Partiyasının başqanlığına sabiq namizəd Səxavət Əlisoy deyib. O bildirib ki, partiya rəhbərliyinin zona müşavirələri keçirərək yaydıqları bəyanatlar saxtadır: "Bizə Mingəçevir və Ağcəbədidən müraciət daxil olub. Onlar belə bir bəyanatı imzalamadıqlarını qeyd edirlər. Hazırda yaratdığımız İşçi Qrupu bu məsələləri araşdırır. Bəyanata imza atmayanların sayının daha çox olduğuna şübhə etmirik. Çünki Müsavat Partiyası rəhbərliyinin fəaliyyəti bütövlükdə saxtadır, bu saxtakarlığın əsası sentyabrın 27-də keçirilən qurultay zamanı qoyulub. İndi də bizə qarşı kampaniya aparırlar".

S.Əlisoy İşçi Qrupun partiyadakı hazırki vəziyyəti və növbədənkənar qurultayın keçirilməsi ilə bağlı təklifləri müzakirə etdiyini qeyd edib.

Müsavat Partiyasının başqanının müavini Elman Fəttah isə "Report"a açıqlamasında deyilənlərin doğru olmadığını söyləyib. O bildirib ki, partiyanın rayon təşkilatlarının yaydığı bəyanatlarla bağlı sərgilənən mövqe qərəzlidir: "Deyilənlərin hamısı iftiradır. Bu, Səxavət Əlisoy kimi Müsavat Partiyasının əleyhinə kampaniyanı özünün əsas iş prinsipinə çevirmiş adamların uydurmalarıdır. Heç bir saxtakarlıqdan söhbət gedə bilməz. Zona müşavirələri zamanı rayon təşkilatlarının sədrləri və rəhbərlikləri iştirak ediblər. Mümkündür ki, hansısa ələ alınmış şəxslər bu cür informasiyalar yaysınlar. Amma həqiqət ondan ibarətdir ki, hamının mövqeyi partiya daxilində fraksiya yaradılmasına qarşıdır, partiyanın parçalanmasına yönələn bütün addımlar kəskin şəkildə pislənilir. Ağcabədi rayon təşkilatının sədr müavini İbrahim Hacıbəylinin təşkilat adından danışmağa səlahiyyəti yoxdur. Mingəçevir rayon təşkilatının mövqeyi ilə bağlı isə məlumatısızam".

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Səxavət Əlisoy isə namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürüb. Qurultayın nəticələrindən narazı qalanlar partiyadakı mövcud vəziyyətin və növbədənkənar qurultayın keçirilməsi ilə bağlı təkliflərin dəyərləndirilməsi məqsədilə İşçi Qrupu yaradıb. İşçi Qrupunun formalaşdırılması səlahiyyətləri Qubad İbadoğluna, Səxavət Əlisoya və Tural Abbaslıya verilib.

Son xəbərlər

Orphus sistemi