Yuxarı
    Bağlamaq

    Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

    Əvvəlki illərdən bağlı qalmış 288 cinayətin açılması təmin edilib

    Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2017-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

    Bu barədə “Report”a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

    Müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2017-ci ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, hüquqi-demokratik islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilib, vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini verib. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil edib.

    2017-ci ilin birinci yarısında ölkə iqtisadiyyatına 5 milyard ABŞ dolları həcmində investisiya yatırılması, qeyri-neft sənayesində məhsul istehsalının 4,4 faiz, kənd təsərrüfatının 2,2 faiz, ümumilikdə ixracın 36 faiz artması, valyuta ehtiyatlarının artaraq 40,6 milyard ABŞ dollarına çatması xüsusi vurğulanıb.

    Son illər ölkəmizin, eyni zamanda paytaxt Bakının mötəbər beynəlxalq iqtisadi və humanitar forumlara, mahnı müsabiqəsi və dünya miqyaslı idman yarışlarına - ilk Avropa Oyunlarına, eləcə də cari ildə möhtəşəm tədbirlərə - IV İslam Həmrəyliyi Oyunlarına və “Formula - 1 Avropa Qran-Pri” idman yarışlarına ev sahibliyi etməsi respublikamızın beynəlxalq aləmdə yüksək imicə, tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olduğunu, eyni zamanda ictimai asayişin mühafizəsi və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə yerinə yetirildiyini bir daha sübut etdi.

    Xüsusi vurğulanıb ki, ölkəmizin ictimai-siyasi həyatında müstəsna rol oynayan şəxsiyyət kimi Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək etimada - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması xalqımızın hədsiz sevincinə səbəb olmaqla, vətənimizin beynəlxalq miqyasda rolunun daha da artmasına stimul verəcək.

    Hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

    2017-ci ilin birinci yarımilində istintaq və əməliyyat-axtarış fəaliyyəti sahəsində görülmüş birgə tədbirlər nəticəsində hesabat dövründə cinayətlərin açılması 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,3% yaxşılaşaraq 85,4% təşkil edib, həmçinin daxili işlər orqanları ilə birgə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində əvvəlki illərdən bağlı qalmış 288 cinayətin açılması təmin edilib.

    Hesabat dövründə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılmasına və onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələrinə xüsusi önəm verilməklə, daim diqqət mərkəzində saxlanılıb. Görülmüş tədbirlərin, habelə prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə həyata keçirilən əlaqəli işin nəticəsində hesabat dövründə qeydə alınmış 78 qəsdən adam öldürmə cinayətindən 76 hadisənin açılması təmin olunub. Qəsdən adam öldürmə cinayətlərinin sayı 2016-cı ilin birinci yarımili ilə müqayisədə 9 hadisə azalmaqla, onların açılması əsasən sabit qalıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin isə 100% açılması təmin edilib.

    2017-ci ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətləri ilə yanaşı, mülkiyyət əleyhinə olan cinayətlər, eləcə də yol-nəqliyyat hadisələri və qəzalarda xəsarət alanların sayı azalıb Həyata keçirilmiş əməli tədbirlər nəticəsində 2016-cı ilin birinci yarımilinə nisbətən hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 57 fakt azalaraq 848 fakt, xəsarət alanların sayı 138 fakt, yəni 832 nəfər azalsa da təəssüf hissi illə qeyd edilməlidir ki, həmin hadisələr zamanı ölənlərin sayı 11 fakt artaraq 315 nəfər təşkil edib.

    Digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli şəkildə qeydə alınmış cinayətlərin artım tendensiyasının qarşısının alınması və törədilmə müddətindən asılı olmayaraq bağlı qalan cinayətlərin açılması, təqsirli şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

    Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq cari il iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində kənd sakinləri - 51 yaşlı Sahibə Allahverdiyeva və onun 1 yaşlı nəvəsinin həlak olması, digər mülki şəxs 52 yaşlı Səlminaz Quliyevanın ağır bədən xəsarətlər alması, eləcə də vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi faktlarına görə Füzuli rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupu yaradılılb.

    Bildirilib ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi 2017-ci ilin birinci yarısında da Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilib.

    “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradənin göstəricisi olaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və institusional islahatların davam etdirilməsi, əlaqəli dövlər orqanları ilə birlikdə korrupsiya şəbəkələrinin aşkar edilməsi istiqamətində prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoyub. Həmin vəzifələrin icrası ilə əlaqədar Baş prokuror tərəfindən 19 may 2016-cı il tarixdə Tədbirlər Planı təsdiq edilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN” xidmət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

    Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı „Qaynar xətt“ əlaqə mərkəzinin yaradılmasının əhəmiyyəti xüsusi qeyd olunmuşdur. Baş idarə tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Bildirilmişdir ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq hesabat dövründə bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə önəm verilmişdir.

    Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə diqqət artırılmışdır.

    Cari ilin 6-7 iyun tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və ombudsmanlarının Bakıda keçirilmiş üçüncü iclasının əhəmiyyəti xüsusi vurğulanmışdır.

    Bildirilmişdir ki, Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA), habelə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış digər nüfuzlu beynəlxalq və regional təşkilatlarla səmərəli qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.

    Xüsusi vurğulanıb ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda böyük ictimai rezonansa səbəb olmuş bəzi cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 26 şəxs barəsində 18 iş üzrə yüksək peşəkarlıqla istintaqının yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

    Belə ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı 250 epizod üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 2005-2015-ci illər ərzində nazirliyin əməkdaşlarından ibarət yaradılmış mütəşəkkil dəstənin üzvlərindən Akif Çovdarov, Sübahir Qurbanov və qeyrilərinin, cəmi 19 şəxs barəsində 7 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

    Vurulmuş 41 milyon 512 min manat məbləğində ziyanın ödətdirilməsinin təmin olunması məqsədi ilə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 56 milyon manat dəyərində əmlak üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.

    Hazırda cinayət işinin digər epizodları, o cümlədən barələrində axtarış elan olunmuş şəxslərin cinayət əməlləri barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Bundan başqa, mütəşəkkil dəstə tərkibində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsində təqsirləndirilən bir neçə dövlətin vətəndaşlığını daşıyan Aleksandr Lapşinin barəsində olan cinayət işi üzrə istintaq yekunlaşaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən müvafiq ittiham hökmü çıxarılıb.

    Müşavirədə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin müsbət iş təcrübəsi, eləcə də mərkəzin səmərəli fəaliyyəti nəticəsində “İmtahan” informasiya sistemi vasitəsilə prokurorluq əməkdaşlarının nəzəri bilik və peşə hazırlığı səviyyəsinin test üsulu ilə obyektiv meyarlar əsasında yoxlanılmasının əhəmiyyəti xüsusi vurğulanıb.

    Əməliyyat müşavirəsində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlərin görülməsinin intensivləşdirilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının funksional imkanlarının və tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla bu proqramların tam tətbiq olunmasının təmin edilməsi barədə müvafiq tapşırıqlar verilib.

    Xüsusi qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmışdır.

    Çox ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, 2017-ci ilin birinci yarımilində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

    Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qulluqçularının xidməti və xidmətdən kənar məmur-vətəndaş münasibətlərini müəyyən edən proqram xarakterli çıxışlarından ciddi nəticə çıxarılması, eləcə də xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

    Qeyd olunub ki, vətəndaşları narahat edən məsələlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə dövlət başçısının tələbləri rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

    Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərlərindən müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.

    Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən 2017-ci ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilib, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Sabirabad, Ucar, Biləsuvar, Ağcabədi, Xaçmaz, İsmayıllı və Şəmkir rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilib, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da təkmilləşdirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilib. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.

    Müşavirədə 2017-ci ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə edib. Müzakirələrdə çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr və görülmüş işlər, Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov hesabat dövründə iş planının icra vəziyyəti, cari ilin ikinci yarımilinə dair iş planında nəzərdə tutulmuş tədbirlər, Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov 2016-cı il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tətbiqi zamanı prokurorluq orqanları qarşısında duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

    Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Prezident cənab İlham Əliyevin ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıqlarını bir daha xatırladaraq, dövlət başçısının bu tələblərinin yüksək səviyyədə icrasına nail olmaq üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər verib. Eyni zamanda xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzərində qurulmasının, müasir texnologiyaların tətbiqinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin başlıca vəzifələr olaraq ardıcıllıqla həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

    Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi