Sabirabadda “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans keçirilib - YENİLƏNİB

Sabirabadda “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans keçirilib - YENİLƏNİB Sabirabad şəhərində Baş Prokurorluq tərəfindən regional konfrans təşkil olunub.
Daxili siyasət
18 Aprel , 2023 13:25
Sabirabadda “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans keçirilib - YENİLƏNİB

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 18-də Sabirabad şəhərində “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans keçirilib.

“Report”un Aran bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Həmçinin, iştirakçılar Sabirabad rayon Heydər Əliyev mərkəzinin Muzey hissəsində ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər ilə tanış olub.

Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı aparılan sistemli mübarizə, həyata keçirilən əsaslı islahatlar, görülən təşkilati və preventiv tədbirlər, habelə korrupsiyaya qarşı ciddi mübarizənin aparılmasında prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə çıxış edib.

Milli Məclisin deputatı, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov bildirib ki, korrupsiyaya qarşı mübarizə istiqamətində Heydər Əliyev qəti siyasi iradəsi Prezident İlham Əliyev tərəfindən davam etdirilməklə həyata keçirilən mövcud siyasətin əsas istiqamətini təşkil edir.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov mötəbər tədbirin Sabirabad şəhərində təşkilindən məmnunluğunu ifadə edib.

Konfransda, həmçinin, rayon prokuroru Fəxrəddin Pənahov, məhkəmə sədri Füzuli Pənahov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli və digərləri dahi lider Heydər Əliyevin korrupsiyaya qarşı konkret əməli addımlarla müşahidə olunan barışmaz siyasətinin digər fəaliyyət sferalarına müsbət təsirləri barədə çıxışlar edib.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

10:51

Sabirabad şəhərində Baş Prokurorluq tərəfindən regional konfrans təşkil olunub.

“Report”un Aran bürosunun məlumatına görə, konfrans Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilir.

Tədbir çərçivəsində media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad rayon prokurorluğunun inzibati binasına press-tur təşkil olunub.

İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə və Zaqatala şəhərlərində regional konfranslar təşkil olunub.

Son xəbərlər

Orphus sistemi